ABŞ Bəhruz Səmədovun həbsini "narahatlıqla izləyir"

ABŞ Bəhruz Səmədovun həbsini

28-08-2024 13:40 / Bu xəbər 710 dəfə oxundu

Bazar ertəsi Birləşmiş Ştatlar bildirib ki, bu yaxınlarda Azərbaycanda gənc alim, jurnalist və sülh müdafiəçisi Bəhruz Səmədovun həbsini "narahatlıqla izləyir".

Xəbəri "Turan"ın Vaşinqtondakı müxbiri verib. 

"Bəhruz Səmədovun həbsini narahatlıqla izləyirik. Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və siyasi müxalifətin üzvlərinə qarşı davam edən repressiyalara görə dərin narahatlıq hissi keçiririk", - deyə Dövlət Departamentinin nümayəndəsi "Turan"ın sorğusuna cavabda bildirib.

"Fikri ifadə etmək azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər buna görə təqibə məruz qalmamalıdır", - deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib. 

28 yaşlı Səmədov, Praqada Karlov Universitetinin doktorantı ötən həftə Bakıda saxlanılıb. 

Avqustun 23-də məhkəmə onu dövlətə xəyanət ittihamı ilə dörd ay müddətinə həbs edib. 

O, bu ittihamı təkzib edir. "Mən yalnız sülh istəyirdim, ölkəmi satmamışam", - deyə Səmədov məhkəmədə bildirib.

Təqsirli bilinsə, onu ömürlük həbs cəzası gözləyir.