ABŞ Dağlıq Qarabağdakı vəziyyətin bölgənin stabilliyinə təhdid hesab edir

ABŞ Dağlıq Qarabağdakı vəziyyətin bölgənin stabilliyinə təhdid hesab edir

14-07-2021 17:36 / Bu xəbər 1776 dəfə oxundu

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. 

"Sputnik Ermənistan"-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir. 

Məlumata görə, telefon danışığı zamanı Blinken Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması üçün Vaşinqtonun səylərini davam etdirəcəyini bildirib. 

Dövlət katibi həmçinin qeyd edib ki, münaqişənin uzunmüddətli həllinə imkan verəcək sülh prosesinin dəqiq gündəliyinin işlənib hazırlanması üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa olunacağına ümid edir.  

Öz növbəsində Paşinyan isə regionda sabitliyin bərpası kontekstində ən vacib məsələlərdən biri kimi Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılmasını və "Azərbaycanın Ermənistan ərzisindən çıxmasının" labüdlüyünü qeyd edib. 

O həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi hələ həll olunmayıb, onun fikrincə, "kompleks həll zəruridir, buna da ki, ancaq ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə nail olmaq olar".

Blinken mövcud status-kvonun sabitliyə zəmanət verməməsi məsələsində Paşinyanla razı olduğunu bildirib. Onun sözlərinə görə, danışıqların uğurla nəticələnməsi üçün Minsk Qrupunun dəqiq gündəliyinin olması zəruridir. 

Söhbət zamanı Blinken Paşinyanı növbədənkənar parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və bildirib ki, Vaşinqton Ermənistana korrupsiya ilə mübarizə və ədliyyə sahəsindəki islahatlar məsələsində yardım etməyə hazırdır.