ABŞ-dan Anar Məmmədlinin saxlanılmasına münasibət: "Çox narahatıq"
30-04-2024 15:01 / Bu xəbər 730 dəfə oxundu
ABŞ Dövlət Departamenti Bakıda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.
"Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin davam etməsindən, xüsusən Anar Məmmədlinin həbsindən çox narahatıq", - deyə Dövlət Departamentinin nümayəndəsi "Turan"ın müxbirinə bildirib.
Bildirilir ki, Anar Məmmədlinin saxlanılması vətəndaş fəallarının və jurnalistlərin həbsi silsiləsində baş verir: "Biz Azərbaycan hökumətini ədalətsiz olaraq saxlanılan hər kəsi dərhal azad etməyə çağırırıq".
Departamentin nümayəndəsi bildirib ki, ABŞ Azərbaycanı insan haqlarına hörmət etməyə çağırır: "Biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına, xüsusən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik".
Anar Məmmədli ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində "Azərbaycanı beynəlxalq öhdəliklərinə və insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə və Azərbaycanda ədalətsiz olaraq həbs edilən şəxsləri azad etməyə" çağırmasından bir gün sonra saxlanılıb.