ABŞ diplomatlarını Əfqanıstandan çıxarır

ABŞ diplomatlarını Əfqanıstandan çıxarır

16-08-2021 13:21 / Bu xəbər 918 dəfə oxundu

"Şəhəri tərk etmək istəyənlər üçün təhlükəsiz dəhlizlər açılacaq”

Əfqanıstandakı Amerika səfirliyinin işçiləri Kabil aeroportuna evakuasiya olunub.

ABŞ Dövlət Departamenti bildirib ki, hava limanı ətrafında təhlükəsizliyi təmin edə bilir. Hazırda isə ABŞ oradakı diplomatlarını, orada yaşayan amerikalıları və müharibə vaxtı amerikalılara kömək etmiş əfqanları ölkədən çıxarmağa çalışır. Reuters xəbər verir.

Əfqanıstandakı Azərbaycan hərbçiləri xidməti vəzifələrini davam etdirir

Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verərək bildirib ki, Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir:

"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir”.

Əfqanıstanda nələr baş verib?

Avqustun 15-də Əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Taliban silahlıları dörd bir yandan Əfqanıstanın paytaxtı Kabil şəhərinə yaxınlaşır. Daha sonra Əfqanıstanın Əl-Ərəbiyyə telekanalı mənbələrinə istinadən məlumat yaydı ki, paytaxt Kabilin şimalında və cənubunda hökumət qüvvələri ilə "Taliban" silahlıları arasında döyüşlər gedir.

Ardınca Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Taliban ofisi açıqlama yayaraq bildirdi ki, bəli, onların birlikləri Kabilə çatıb. Ancaq onlar insanların ölməsini və zərər görməsini istəmirlər. Buna görə də döyüşçüləri Kabilin giriş nöqtələrində dayanıb. Onlar Kabili silah gücünə yox, danışıqlar yolu ilə nəzarətə almaq istəyirlər:

"Şəhəri tərk etmək istəyənlər üçün təhlükəsiz dəhlizlər açılacaq. Kabil böyük və əhalisi sıx şəhərdir. Biz şəhəri zorla və ya müharibə yolu ilə işğal etmək niyyətində deyilik. Məqsəd keçid prosesində heç kimin həyatına, mülkünə, şərəfinə və kabillilərin həyatına zərər verməməkdir”, - Talibanın açıqlamasında deyilir.

Avqustun 15-də Əfqanıstan daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında "Əfqanıstan xalqı narahat olmamalıdır ... şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq”, - bildirdi.

Növbəti xəbərlərdə isə Əfqanıstan prezidenti Aşraf Qaninin danışıqlardan sonra ölkəni tərk etdiyi bildirilirdi.

Hazırda vəziyyət necədir?

Əfqanıstanı Taliban idarə edirmi? – sualına Britaniyanın müdafiə naziri Ben Uelles (Ben Wallace) "Talibanın ölkəni idarə etdiyini qəbul edirəm. Bunu görmək üçün politoloq olmaq lazım deyil”, - cavabını verib.

İngiltərə və NATO -nun Əfqanıstana qayıdıb -qayıtmayacağı ilə bağlı suala isə nazir belə cavab verib: "Geri dönəcəyik” - deyə, bildirib.

Uelles deyib ki, hazırda əsas istəkləri Əfqanıstandakı ingilisləri və İngiltərə ilə əlaqəsi olan insanları təhlükəsiz şəkildə təxliyə etməkdir:

"Hədəfimiz gündə təyyarələrimizlə 1200-1500 insan çıxarmaqdır. Çalışacağıq bu axını qoruyaq”.

Nazir bildirib ki, hazırda Əfqanıstandakı İngiltərə səfirliyi Kabul Hava Limanına köçürülüb:

"Hələ Taliban hərəkatını Əfqanıstan hökuməti olaraq tanıyıb-tanımamaqla bağlı qərar verməyin zamanı deyil. Bu qərarı qəbul etmədən öncə çox işlərin olduğunu düşünürəm”.

Kabil küçələri boş qalıb

"Reuters” yazır ki, Taliban üsyançıları Əfqanıstanın paytaxtını döyüşsüz ələ keçirdikdən bir gün sonra Kabilin küçələri boş qalıb. Hava limanı yolunda isə qaçmağa çalışan yüzlərlə avtomobil tıxac yaradıb.

Sosial mediada yayımlanan videolarda yüzlərlə insanın silah səsi eşidəndəndən sonra hava limanı terminalının təhlükəsizliyinə doğru qaçdığı görünür.

Sonradan məlum olub ki, ABŞ əsgərlərinin təxliyəsini təmin etmək üçün hava limanına yerləşdirilən Amerika əsgərləri təyyarəyə minmək istəyən yüzlərlə mülki vətəndaşın qarşısını almaq üçün havaya atəş açıb.

Hazırda Əfqanıstanda olan amerikalı vəzifəli "Reuters” ə "Burada camaat nəzarətdən çıxıb” – deyə, bildirib. Əlavə edib ki, silah xaosu aradan qaldırmaq üçün atılıb:

"Səfirlik əməkdaşları, diplomatlar və ailələri arasında Kabili artıq tərk edənlər də var, hava limanında uçuşunu gözləyənlər də: "Şəhərdəki hökumət idarələri də boşdur. Bəzi idarələrdə az sayda mühafizəçi qalıb, vəssəlam.

"Saqqalımı qısa zamanda necə uzadacağam?”

Kabildə çörək mağazasında olan Gül Məhəmməd Hakim boş küçələri, köçən diplomat karvanlarını görməyin qəribə olduğunu bildirib:

"Yenə çörək bişirəcəyəm, amma çox az miqdarda pul qazanacağam. Mənim dostlarım olan mühafizəçilər gedib”.

Hələ heç bir müştərisi olmadığını söyləyən Hakim bəzi narahatlıqlarının olduğunu əlavə edib: "İlk narahatlığım saqqalımı necə sürətlə böyüdəcəyimdir. Hə, bir də arvadım və qızlarımın burkalarının olub-olmadığıdır. Talibanın 1996-2001-ci illər hakimiyyətdə olduğu dövrdə kişilərin saqqallarını düzəltməsinə icazə verirdi, uzun olmalı idi. Qadınlardan isə hər yerlərini örtən burka və uzun palto geyinmələri tələb edilirdi”.

"Daha əcnəbi müştərilər olmayacaq”

Şəhərin alış-veriş küçəsindəki əfqan xalçaları, əl işləri və zərgərlik mağazaları qapanıb. Buradakı kiçik kafelər də fəaliyyət göstərmir.

Xalça və tekstil mağazasının sahibi olan Sherzad Kərim Stanekzai mallarını qorumaq üçün bağlı qapılı mağazasının içində yatmağa qərar verdiyini deyib:

"Tamamilə şok vəziyyətindəyəm. Taliban oraya girəndə məni qorxutdu. Amma Prezidentimiz Əşrəf Qaninin bizi bu vəziyyətdə buraxması ən pis hadisədir mənim üçün. Mən bu müharibədə yeddi il ərzində üç qardaşımı itirmişəm, indi işimi qorumağa məcburam”.

O, növbəti müştərilərinin haradan gələcəyini bilmədiyini söyləyib: "Bilirəm ki, indi Kabilə gələcək əcnəbilər və beynəlxalq insanlar olmayacaq”.

Taliban liderlərindən biri isə "Reuters”ə bildirib ki, əfqanıstanlıların gündəlik fəaliyyətlərini davam etdirməsinə icazə veriləcək:

"Döyüşçülərə mülki əhalini qorxutmaq üçün heç nə etməmək barədə əmr verilib. Normal həyat daha yaxşı şəkildə davam edəcək, hələlik deyə biləcəyim tək şey budur”.///Meydan.TV