ABŞ Ermənistan və Azərbaycana çağırış edib
17-11-2021 11:20 / Bu xəbər 679 dəfə oxundu
ABŞ-ın Dövlət katibi Entoni Blinken Ermənistan-Azərbaycan sərhədindəki intensiv döyüşlərdən "dərin narahat” olduğunu bildirib və tərəfləri gərginliyi azaltmaq üçün "təcili konkret addımlar” atmağa çağırıb.
Bu barədə Dövlət Departamenti rəhbərinin "Tvitter" hesabında yaydığı məlumatda bildirilib.
"Biz hər iki tərəfi gərginliyi azaltmaq və eskalasiyanı dərinləşdirməmək üçün dərhal konkret addımlar atmağa çağırırıq. Eləcə də tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv fəaliyyətlə məşğul olmağa çağırırıq", - deyə bəyanatda vurğulanıb.
Blinken "tvit"ində ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabrın 15-də verdiyi bəyənatla həmrəyliyini ifadə edib: "Ermənistan və Azərbaycan arasında gərginliyin artması "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır"".
Avropa İttifaqı da tərəflərə çağırış edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə görə narahatlığını ifadə edib.
Prezident İlham Əliyev isə cavabında bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb, sonda isə genişmiqyaslı hücum təşkil edib.
Prezident Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.
İlham Əliyev həmçinin yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.












