ABŞ Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir

ABŞ Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir

13-05-2022 17:46 / Bu xəbər 3514 dəfə oxundu

Finlandiya və İsveçin NATO blokuna qoşulması ideyasına Vaşinqtonda müsbət yanaşılır. Bu fikri mətbuat konfransında Ağ evin sözçüsü Cen Psaki səsləndirib.

"Biz Finlandiya və İsveçin NATO üzvlüyü barədə ərizəsini dəstəkləyəcəyik”, - mətbuat katibi söyləyib.

Psaki bildirib ki, bu məsələ üzrə alyansın digər üzvləri də öz fikirlərini bildirməlidirlər.

"Biz NATO-nun nümayiş etdirdiyi "açıq qapılar” siyasətini dəstəkləyirik, biz istənilən ölkənin üzv olmaq barədə müraciət niyyətini dəstəkləyirik”, - deyən Psaki hərbi sahədə Finlandiya və İsveçlə uzunmüddətli əməkdaşlıq edildiyini xatırladıb.

Daha əvvəl ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin sədri Bob Mendes bildirmişdi ki, komitə Finlandiya və İsveçin mümkün ərizələrini nəzərdən keçirməyə hazırlaşır.

Komitənin sədr müavini Cim Riş özünün "tvitter" hesabında Finlandiyanın NATO-ya üzvlük cəhdini dəstəkləyərək bunu "irəliyə - transatlantik təhlükəsizliyin gələcəyinə doğru nəhəng addım” adlandırıb.

CNN xatırladır ki, NATO-ya yeni üzvlərin qoşulmasına Vaşinqtonun "hə” deməsi üçün Senatın ən azı üçdə ikisi lehinə səs verməlidir.

Finlandiyanın "Helsingin Sanomat” qəzeti öz mənbələrinə istinadən bir neçə gün əvvəl yazıb ki, Finlandiya və İsveç gələn həftənin əvvəllərində NATO üzvlüyü üçün birlikdə ərizə verəcəklər.