ABŞ Gürcüstanı sanksiyalarla hədələdi

ABŞ Gürcüstanı sanksiyalarla hədələdi

11-05-2023 10:46 / Bu xəbər 955 dəfə oxundu

Birləşmiş Ştatlar Rusiyaya birbaşa uçuşlar bərpa olunarsa, Gürcüstana mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

Bu barədə ABŞ Dövlət Departamenti "Accent"in Gürcüstan nəşrinə şərhində bildirib.

Dövlət Departamenti xatırladıb ki, bir sıra Qərb dövlətləri, o cümlədən ABŞ Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasını qadağan edir: "Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı yaradacaq”.

Dövlət Departamenti vurğulayıb ki, Moskvanın Ukraynada başlatdığı genişmiqyaslı müharibəni nəzərə alaraq, "indi Rusiya ilə münasibətləri dərinləşdirməyin vaxtı deyil”.

"Putinin Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazisinin 20%-dən öz qoşunlarını çıxarması gürcü xalqı üçün daha yaxşı olardı, nəinki birbaşa uçuşların bərpası və ya viza rejiminin ləğvi”, - deyə qurum bəyanatında bildirib.

Mayın 10-da məlum olub ki, Rusiya qısamüddətli səfərlərlə Rusiya Federasiyasına gedən Gürcüstan vətəndaşları üçün viza tələbini ləğv edib, həmçinin Rusiyadan Gürcüstana 2019-cu ilin yayından qüvvədə olan aviareyslərə qoyulan qadağanı aradan qaldırıb. 

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın son qərarlarını təxribat adlandırıb, Milli Təhlükəsizlik Şurasının çağırılmasını və rusiyalıların Gürcüstana giriş şərtlərinə yenidən baxılmasını istəyib.

Eyni zamanda, Gürcüstan hakimiyyəti sanksiyalara məruz qalmayan Rusiya aviaşirkətlərinin birbaşa uçuşlarına icazə verəcəyini açıqlayıb.

Nizami Bağırov