ABŞ Haniyənin ölümünə görə İsrailə necə reaksiya verib?

ABŞ Haniyənin ölümünə görə İsrailə necə reaksiya verib?

07-08-2024 13:34 / Bu xəbər 497 dəfə oxundu

İsrail tərəfi HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi xəbərindən dərhal sonra onun ölümündə əli olduğu barədə ABŞ-ı xəbərdar edib. 

Qeyd olunur ki, İsrail onun ölümü ilə bağlı şərh verməkdən rəsmən imtina edib.

Bu barədə "The Washington Post” (WP) mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Amerika rəsmiləri hərəkatın Siyasi Büro rəhbərinin ölüm xəbərinə "təəccüb və qəzəblə” reaksiya veriblər. 

Eyni zamanda, Vaşinqton İsmayıl Haniyənin ölümünü Qəzza zolağında atəşkəs əldə etmək üçün aparılan danışıqlarda ciddi maneə kimi qiymətləndirib. 

WP qeyd edir ki, onun ölümündən əvvəl ABŞ rəsmiləri bu istiqamətdə irəliləyiş əldə edəcəklərinə inanırdılar.

Nəşr yazır ki, ABŞ dövlət katibi Entoni Blinken İrana dolayı təzyiq göstərmək üçün diplomatik kampaniyaya rəhbərlik edib. 

WP qeyd edir ki, o, Qahirə, Bağdad və digər ərəb paytaxtlarında yüksək vəzifəli məmurlardan cavab tədbirlərində təmkin nümayiş etdirmələrini xahiş edir.

İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. 

O, İrana yeni prezident Məsud Pezeşkiyanın andiçmə mərasiminə gəlib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib ki, nazirlik HƏMAS Siyasi Bürosunun rəhbərini öldürülməsində İsraili günahkar bilir. 

İsrail bu sui-qəsddə iştirakını nə təsdiq, nə də təkzib edir. 

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümünə görə "ağır cəza” vəd edib.