ABŞ-ın Qafqazdakı danışıqlar üzrə vasitəçisi təqaüdə çıxır

ABŞ-ın Qafqazdakı danışıqlar üzrə vasitəçisi təqaüdə çıxır

05-01-2023 18:26 / Bu xəbər 534 dəfə oxundu

Prays Rikerin gedişinin ABŞ-ın Qafqaz siyasətini dəyişməyəcəyini deyir

Yanvarın 5-dən Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Riker diplomatik xidmətdən təqaüdə çıxır.

Bu barədə "Turan” məlumat yayıb.

Filip Riker 2022-ci ilin avqustunda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcısı təyin edilmişdi.

Riker həmçinin dövlət katibi Blinkenin Nyu-York (sentyabr) və Vaşinqtonda (noyabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşündə iştirak edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 4-də gündəlik brifinqdə deyib ki, Rikerin keçən ilin sonuna kimi qısamüddətli əsasda bu vəzifəni tutacağı gözlənilirdi.

N.Prays bildirib ki, Rikerin gedişi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə heç bir halda xələl gətirmir.

F.Riker 30 ildən çoxdur ki, ABŞ-ın Böyük Britaniyadakı səfirliyi də daxil olmaqla müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər F.Riker dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb.

Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.

Ardınca Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.

1997-ci ilin yanvarından ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.