ABŞ İrana milyardlarla pul köçürən "kölgə bankları"na sanksiya qoyub

ABŞ İrana milyardlarla pul köçürən

10-03-2023 12:17 / Bu xəbər 1061 dəfə oxundu

Bayden administrasiyası martın 9-da Birləşmiş Ərəb Əmirlikləri və Honkonqda İranın dünya maliyyə sisteminə çıxışını açan 39 "kölgə bankına" qarşı sanksiyalar tətbiq edib.

Rəsmi Vaşınqton onları "kölgə bankçılığı" adlandırıb.

Xəbəri "Turan"ın Vaşinqton müxbiri yayıb. 

"İranın mübadilə məntəqələri, ABŞ-ın sanksiyalarından yayınmağa kömək edərək öz müştərilərinin adından ticarət etmək üçün xaricdə əlaltı şirkətlər qururlar", - dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. 

Onun sözlərinə görə, bu şəbəkələrdən istifadə edən şirkətlər İran rejiminə on milyardlarla dollar qazandırıb.

Vaşinqton İran neft-kimya məhsullarının ixracına görə Çin şirkətlərini də hədəfə alıb. 

Bu şirkətlər İrana döyüş dronlarında və hələ 2008-ci ildə sanksiyalara məruz qalan təyyarə şirkətində istifadə olunan minlərlə komponent göndərir.

"İran əcnəbilərdən, mübadilə məntəqələrindən və əlaltı şirkətlərdən istifadə edərək sanksiyalardan yayınmaq üçün mürəkkəb şəbəkə tətbiq edir", - maliyyə nazirinin müavini Uolli Adeyemonun bəyanatında deyilir.

ABŞ-ın yeni tədbirləri "vəsaitlərin yuyulması üçün" İranın xarici maliyyə şəbəkələrinin işini pozmaqdan ötrü sanksiyalara əməl olunmasını təmin edəcək: "ABŞ İranın bu səylərini pozmaq və Tehranı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün mövcud olan bütün vasitələrdən istifadə edir".