ABŞ: "İranın uranı 20% zənginləşdirməsi şantajdır"

ABŞ:

05-01-2021 17:47 / Bu xəbər 691 dəfə oxundu

ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) İranın nüvə sahəsindəki son fəaliyyəti ilə bağlı məlumat tələb edib. 

Bu barədə yanvarın 5-də ABŞ Dövlət Departamentindən məlumat verilib. 

"İran "Fordo" zavodunda uranı 20% zənginləşdirməklə, nüvə təhdidi ilə bağlı kampaniyasını fəallaşdırmağa cəhd edir, bu cəhd uğursuzluğa düçar olacaq. ABŞ və beynəlxalq ictimaiyyət Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə baş verənlər haqqında məlumat üçün müraciət etməkdə davam edəcəklər”, - Dövlət Departamentindən verilən məlumatda bildirilib. 

ABŞ tərəfinin iddiasına görə, İran keçmiş nüvə proqramı sənədlərinin xeyli hissəsini də özündə saxlayıb.

Dövlət Departamentnin əməkdaşı bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyət Tehranın fəaliyyətinə onun indiki addımlarına əsasən qiymət verəcəklər: "Əminik ki, AEBA nüvə sahəsində İranın hər yeni addımını izləyəcək və bu barədə xəbər verəcək”.

ABŞ 2018-ci ildə İranın nüvə proqramı barədə birgə hərtərəfli fəaliyyət planından çıxdıqdan sonra, İran öz növbəsində uranın zənginləşdirilməsi və bu sahədəki tədqiqat fəaliyyətini əhatə edən öhdəliklərini yerinə yetirməyi tədricən dayandırmağa başlamışdı. 

2020-ci ilin yanvarında isə həmin prosesi yekunlaşdırdığını elan etmişdi. Bu il yanvarın 1-də AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin Sədrlər Şurasına və BMT Təhlükəsizlik Şurasına İranın uranı 20% zənginləşdirmək niyyətində olması barədə xəbərdarlıq edib. 

Yanvarın 4-də İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii "Fordo" zavodunda uranın 20% həddə qədər zənginləşdirilməsi prosesinə başlanıldığını bildirmişdi.

Uranın 20% zənginləşdirilməsi nüvə silahı yaratmağa imkan verir.(toplum.tv)