ABŞ Konqresi Azərbaycan əleyhinə yönələn düzəlişləri rədd etdi

ABŞ Konqresi Azərbaycan əleyhinə yönələn düzəlişləri rədd etdi

21-07-2020 18:27 / Bu xəbər 1815 dəfə oxundu

Anar Məmmədli: "Rəsmi Bakı ABŞ-ın ona olan münasibətindən maksimum istifadə etmir”

ABŞ Konqresinin Nümayəndələr Palatası "Müdafiə haqqında qanuna” təklif edilən və Azərbaycana hərbi yardımın qadağasını nəzərdə tutan iki dəyişikliyi rədd edib.

"Report”un məlumatına görə, dəyişikliklər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərininə təqdim edilməsinin qadağan olunması və ABŞ-ın xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlarda paritetin tətbiq edilməsini nəzərdə tuturdu. Son iki ildə Azərbaycan bu proqram çərçivəsində 110 milyon dollar yardım alsa da, Ermənistana yardım ayrılmayıb.

"Turan” İnformasiya Agentliyinin məlumatına görə, qanuna dəyişikliklər konqresmen Bred Şerman və Frenk Pallone tərəfindən təqdim edilib. Onları konqresmenlər Ceki Şpeyer, Adam Şiff və Terrens Con Koks dəstəkləyiblər.

Digər tərəfdən Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Məsələni Meydan TV üçün şərh edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli bildirib ki, ABŞ-da yaşayan erməni lobbi qrupunun düzəliş layihəsinin keçməyəcəyini öncədən də gözlənilirdi.

O xatırladıb ki, Azərbaycanın əldə etdiyi maliyyə dəstəyi o qədər də yüksək deyil. "Ağ Ev, konqresmenlər üçün Azərbaycan strateji əhəmiyyətə malikdir. Bu həm demokratlara, həm də respublikaçılara aiddir. Vaşinqton Azərbaycanın milli təhlükəsizlik siyasətində, enerji təchizatı məsələsində bölgədə tərəfdaşlarından olan ölkənin dəstəklənməsini daha vacib amil sayır. Bu baxımdan erməni lobbisinin təklif etdiyi düzəlişin qəbuluna skeptik yanaşırdım. Göründüyü kimi sənəd keçmədi. Bununla da ABŞ üçün Azərbaycanın bölgədə hansı əhəmiyyətə malik olduğu göründü”.

Bununla belə Anar Məmmədlinin fikrincə, rəsmi Bakı ABŞ-ın ona olan münasibətindən maksimum isifadə etmir. O hesab edir ki, bu, xüsusilə insan hüquqları, demokratik azadlıqların qorunması istiqamətində, siyasi islahatların təşkilinə aiddir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bu məsələlərdə Vaşinqtonun bir sıra çevrələrinin dəstəyini almaqda yubanır.
 

 
"Hökumətin siyasi repressiyaları, söz və mətbuat azadlığına münasibəti Azərbaycanın nəinki ABŞ, bir çox Avropa ölkələrində dostlarının sayını azaldır, ölkəyə qarşı mənfi yanaşmaya səbəb olur”.

Konkret olaraq, Nümayəndələr Palatasında Azərbaycana meylli konqresmenlərin irəli sürdükləri düzəlişlərin qəbuluna gəldikdə isə Anar Məmmədli, Azərbaycanın adının Ukrayna ilə bir sırada çəkilməsinin çox əhəmiyyətli və maraqlı hadisə olduğunu deyib. Onun fikrincə, Bakı bu vəziyyətdən istifadə etməli və çalışmalıdır ki, gələcəkdə bu hal epizodik olmasın.

"Azərbaycan hakimiyyəti Ukrayna və Gürcüstanda həyata keçirilən siyasi islahatlardan örnək almalıdır. Bunlar olmasa, Azərbaycan öz əhəmiyyətini ABŞ və Qərb üçün saxlaya bilməyəcək və postsovet məkanındakı başqa avtoritar ölkələrindən fərqi olmayacaq. Hal-hazırda Azərbaycanın sırf enerji təhlükəsizliyi, geostrateji maraqlara və təchizatına görə ABŞ-a maraqlı olması heç də milli maraqlarımıza cavab vermir. Bu yanşmanın dəyişməsinin yolu insan hüquqları və azadlıqlara dəstəkdən keçir.

Məsələni jurnalistlər üçün şərg edən prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, ABŞ Konqresində bir sıra şəxslər öz siyasi legitimliklərini açıq şəkildə şübhə altına qoyaraq erməni lobbisi ilə əlbir şəkildə hərəkət edirlər.

"Bu şəxslər tamamilə erməni lobbi dairələrinin əsirliyi altındadırlar. Düşünürük ki, ABŞ-ın Konqresmen aidiyyətı komitələri tərəfindən onların erməni lobbiləri ilə çirkin əlaqələri araşdırılmalıdır”, o bildirib.

XİN mətbuat katibi Leyla Abdullayeva isə məsələ ilə bağlı qeyd edib ki, qəbul olunan düzəlişdə söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir.

"Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”, - Leyla Abdullayeva deyib.