ABŞ-ın NATO-dakı səfiri: "Münaqişə Azərbaycanın suverenliyi çərçivəsində həll edilməlidir"

ABŞ-ın NATO-dakı səfiri:

22-10-2020 14:27 / Bu xəbər 1081 dəfə oxundu

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır"

ABŞ Dövlət Departamentində jurnalistlər qarşısında çıxış edən dövlət katibi Mayk Pompeo bildirib ki, o, oktyabrın 23-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərindən "onların vəziyyətə baxışını və təkcə ABŞ-ın maraqlarına deyil, bu ölkələrin hər birinin maraqlarına uyğun olan həllə necə yaxınlaşa biləcəyimizi eşitməyi çox istəyir.

Bu barədə "Turan” İA yazıb.

Dövlət katibi bildirib ki, bu, mürəkkəb diplomatik vəziyyətdir: "Bizim nöqteyi-nəzərimiz Avropa ölkələrinin irəliyə gedən doğru yolun münaqişəyə son qoymaq, gərginliyin aradan qaldırılmasına başlamaq lazımdır. Digər ölkələrin uzaq durması və bu münaqişəni qızışdırmaması, oraya heç bir silah sistemi göndərməməsi, heç bir dəstək göstərməməsi barədə mövqeyi ilə üst-üstə düşür və məhz bu zaman hamı üçün məqbul olan diplomatik həll əldə edilə bilər".

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, alyans "ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır.

Səfir deyib ki, problem 30 ildir davam edir: "ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədlərinə qaytarmaq istəyir, erməni əhali də burada yaşaya bilər. Bunu həll etmək olar və onda münaqişə başa çatacaq. Bu arada, "biz hər iki tərəfi zorakılığı, qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq. Bu, hərbi münaqişə yolu ilə həll edilə bilməz. Bunu sərhədlər və suverenlik çərçivəsində həll etmək lazımdır. Biz buna çalışırıq, Rusiya da, Fransa da bunda israr edir”.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub. 24 gündür davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli və Zəngilan rayonlarını azad edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib. Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi - red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.