ABŞ-nin Azərbaycandakı səfiri istefa verib

ABŞ-nin Azərbaycandakı səfiri istefa verib

03-12-2024 13:02 / Bu xəbər 129 dəfə oxundu

Mark Libbi qərarını səhhətində problemlərlə əlaqələndirib 

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Bu barədə səfir dekabrın 3-də bəyanat yayıb

Səfirliyin "Facebook” səhifəsində yayılan bəyanatda bildirilir ki, Libbinin istefası onun səhhəti ilə bağlıdır: 

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm".

Mark Libbi həmçinin səfir olduğu vaxt Azərbaycanda gördüyü işlərə də toxunub: 

"Bakıdakı səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq". 

"Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər", - deyə səfir bəyanatında qeyd edib.

O vurğulayıb ki, Azərbaycanda insan haqlarının qorunmasını təşviq etmək və Cənubi Qafqazda davamlı, layiqli sülhə kömək etmək üçün görüləcək işlər çoxdur: 

"Lakin mən inanıram ki, ötən il ərzində bizim ikitərəfli münasibətlərimizdə şahidi olduğumuz çətinliklə qazanılmış irəliləyişlər qarşıdan gələn həftələr, aylar və illərdə bu və digər sahələrdə daha yaxşı və daha uğurlu əməkdaşlığın təməlini qoyur. Mən ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk edirəm".

"Mən bu mətin xalqa və Azərbaycanın hər yerində həyat yoldaşım Danusia və mənim qarşılaşdığımız heyrətamiz təbiət gözəlliklərinə və coşqun qonaqpərvərliyə olan böyük sevgi ilə buranı tərk edirəm. Hamınıza təşəkkür edirik. Allah bu gözəl ölkəni qorusun!", - Mark Libbi bəyanatını bu sözlərlə yekunlaşdırıb. 

Mark Libbi 2024-cü yanvarın 18-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərək səfir kimi vəzifəsinə başlayıb