ABŞ prezidentləri necə dinləyirmiş?

ABŞ prezidentləri necə dinləyirmiş?

24-06-2015 14:07 / Bu xəbər 1147 dəfə oxundu

Bu gün Fransada milli təhlükəsizlik və müdafiə şurasının iclası keçiriləcək. 

İclasda Fransa prezidentlərinin telefon danışıqlarının ABŞ-ın milli təhlükəsizlik agentliyi (MTA) tərəfindən gizli şəkildə dinlənilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, şuranın iclası Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə çağırılıb.

Qalmaqal "Liberation” qəzetinin "Wikileaks” saytının əldə etdiyi MTA sənədlərinə istinadla agentliyin 2006-2012-ci illərdə Fransanın üç prezidenti - Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyi barədə məqaləsindən sonra başlayıb.

Bundan başqa sənədlərə əsasən nazirlərin, digər yüksək vəzifəli məmurların, deputatların və diplomatların da danışıqlarına gizli şəkildə qulaq asılırmış.




***
 
09:07

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransanın son üç prezidenti barəsində kəşfiyyat fəaliyyəti aparıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qalmaqallı ifşalarla məşhurlaşan "WikiLeaks” portalı məlumat yayıb.

"WikiLeaks”-in əldə etdiyi məlumata əsasən, ABŞ xüsusi xidmət orqanları Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləyib.

"Fransa xalqının bilməyə haqqı var ki, seçdiyi hökumət hesab etdiyi müttəfiqi tərəfindən düşməncəsinə izlənib. Biz bu məsələni işıqlandırmağa yardımçı olmuş Fransanın "Liberation” və "Mediapart” nəşrləri ilə əməkdaşlığımızla fəxr edirik. Fransalı oxucularımız yaxın günlərdə daha mühüm ifşalarla tanış olacaqlar” - deyə nəşr portalın təsisçisi Culian Assancın bəyanatını sitat gətirib.