ABŞ Putini legitim prezident kimi tanımadığını deyir

ABŞ Putini legitim prezident kimi tanımadığını deyir

07-05-2024 13:35 / Bu xəbər 883 dəfə oxundu

Metyu Miller: "Biz bu seçkiləri azad və ədalətli hesab etmirik”

ABŞ Vladimir Putinin andiçmə mərasiminə nümayəndə göndərmədiyini və hər hansı rəsmi şəxsin tədbirdə iştirak etməyəcəyini açıqlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə danışıb.

Miller "Turan”ın "Vaşinqton Putini legitim prezident hesab edirmi?” sualına isə belə cavab verib:

"Əlbəttə, biz bu seçkiləri azad və ədalətli hesab etmirik, lakin o, prezident kimi fəaliyyətini davam etdirir. Nümayəndəmiz orada olmayacaq… Özünüz nəticə çıxarın”.

Rusiya mediası Kremlin yüksək rütbəli rəsmisinə istinadən yazır ki, inaqurasiya mərasiminə Moskvadakı bütün xarici diplomatik nümayəndəliklərin rəhbərləri dəvət olunub.

Avropa Birliyi də qatılmayacağını deyir…

Avropa Birliyi (AB) ötən həftə bildirib ki, təşkilata üzv olan ölkələrin əksəriyyətinin mövqeyinə uyğun olaraq, Moskvadakı səfir mərasimə qatılmayacaq.

Rusiya mediasında gedən məlumatlara görə isə,  AB-nin üzvü olan təxminən 7 dövlətin nümayəndələrinin mərasimdə iştirakı gözlənilir.

Andiçmə mərasimi Putinin Ukraynaya genişmiqyaslı işğalına başlamasından 2,5 il sonra baş tutacaq.

Ukrayna təcavüzkar dövlət sayır…

Ukrayna Xarici İşlər Nazirliyi ötən gün bildirib ki, Kiyev Putini demokratik yolla seçilmiş və legitim prezident kimi tanımaq üçün heç bir hüquqi əsas görmür.

"Bugünkü mərasim Rusiyanı təcavüzkar dövlətə, hakim rejimi diktaturaya çevirən şəxsin, demək olar ki, ömürlük hakimiyyətdə qalması ilə bağlı legitimlik illüziyasını yaratmaq məqsədi daşıyır”, – deyə Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb.

Putinin andiçmə mərasimi bu gün, mayın 7-də keçiriləcək.