ABŞ rəsmisi Ermənistanı sülhə təşviq etmək üçün Yerevana gedəcək

ABŞ rəsmisi Ermənistanı sülhə təşviq etmək üçün Yerevana gedəcək

10-06-2024 15:47 / Bu xəbər 464 dəfə oxundu

Onun vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcəyi bildirilir

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn strateji dialoq aparmaq üçün iyunun 10-dan 12-dək Yerevanda olacaq.

Bu barədə "Turan” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, O’Brayn Ermənistanın siyasi rəhbərliyilə görüşlər keçirəcək: "Görüşlərdə ikitərəfli münasibətlər və onların möhkəmləndirilməsi yolları müzakirə olunacaq”.

Eyni zamanda, səfərdə sərhədlərin delimitasiyası üçün Alma- Ata Bəyannaməsindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında möhkəm sülh sazişinin təşviqinə ABŞ-nin dəstəyinin diqqət mərkəzində olacağı vurğulanır.

"O’ Brayn yüksək vəzifəli hökumət məmurları ilə yanaşı, biznes və vətəndaş cəmiyyəti nümayəndələrilə də görüşəcək”, – deyə əlavə edilib.

O’Braynın Bakıya gəlib-gəlməyəcəyi məlum deyil.

İyunun 7-də Ermənistanın Xarici İşlər Nazirliyi yaxın 1 ayda sülh sazişini imzalamağa hazır olduqları barədə bəyanat yaymışdı.

Ondan bir gün əvvəl Azərbaycanın Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Ermənistanla danışıqların bəzi detallarına toxunmuşdu.

Prezident həmçinin bildirmişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.

Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan sərhədçilərinin nəzarətinə keçib.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.