ABŞ Rusiyanın yeni regional platformasına qarşı

ABŞ Rusiyanın yeni regional platformasına qarşı

24-03-2021 17:07 / Bu xəbər 1026 dəfə oxundu

"Regional təhlükəsizliyin təmin edilməsi ən yaxşı təşkilat ATƏT-dir"

"Vaşinqton hesab edir ki, Cənubi Qafqazda regional təhlükəsizliyin təmin edilməsi üçün razılaşmalar bundan ötrü yaradılmış təşkilatla həll olunur və bu təşkilat da ATƏT-dir”.

Bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi "Turan”ın Vaşinqton müxbirinə deyib.

Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Corc Kent Senatın beynəlxalq münasibətlər üzrə alt komitəsi qarşısındakı çıxışında bildirib: "Əsrin son dörddə birində Cənubi Qafqazda təhlükəsizlik problemlərinin həlli, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada münaqişələrin həlli üçün çərçivə yaradılıb, bu, ATƏT-dir”.

"Bu, bütün iştirakçı ölkələrin üzv olduğu, vahid dəyərlərə və proseslərə sadiqliyini bölüşdüyü uyğun bir qurumdur. Lakin Rusiyanın təklif etdiyi 3 üstəgəl 3 regional platforması "bu dəyərlərdən uzaqlaşmadır”, - Kent deyib.

Onun sözlərinə görə, bu layihə regional infrastruktura əsaslanır: "Gürcülər narahatdırlar ki, rusiyalıların təklif etdikləri bəzi layihələr faktiki olaraq Gürcüstandan yan keçir – bu, dəmir yolu və avtomobil infrastrukturudur. Necə ki "Şimal axını” və "Türk Axını” qaz kəmərləri də Ukraynadan yan keçir. Bu, Gürcüstanın həmin platformada gördüyü təhlükədir”.

"Haqlı olaraq gürcülər də "ərazilərinin 20 faizini işğal etmiş və öz öhdəliklərini yerinə yetirməkdən imtina edən ölkə (Rusiya) ilə danışıqlar masasına oturmaq istəmirlər”, -  o əlavə edib.

Kentin fikrincə, Rusiya qoşunlarının "sülhməramlılar” kimi Dağlıq Qarabağda yerləşdirilməsi o deməkdir ki,  Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsində mövqeyi var. İndi Türkiyə və Rusiya qoşunları Azərbaycanda atəşkəsi müşahidə mərkəzinə birgə rəhbərlik edirlər

"Rusiya, Türkiyə və İranın təklif etdiyi 3 üstəgəl 3 regional platforması Rusiya, Türkiyə və İranın regionda təsirini artırmaq üçün yeni bir dinamikadır. azırda biz ABŞ-ın Cənubi Qafqaz ölkələri arasında - onların suverenliyi və fəaliyyət azadlığı qorunub saxlanılmaqla - daha sıx əməkdaşlığa dəstək verə biləcəyi yolları öyrənirik”, - o belə deyib.

Vaşinqton hesab edir ki, Gürcüstanın Qərb yönümlülüyünün gücləndirilməsi səyləri Dağlıq Qarabağda ötənilki intensiv hərbi əməliyyatlardan sonra xüsusilə vacibdir.

ABŞ-ın Gürcüstanda demokratiyanın möhkəmləndirilməsində və Rusiyanın sabitliyi pozmaqda olan hərəkətlərinə qarşı mübarizədə səylərinə gəlincə, ABŞ diplomatik kanallardan, yardım proqramlarından və ictimai dəstəkdən istifadə edir.

"Gürcüstan Rusiya idarəetmə modelinə əks-nümunə olmaq üçün öz demokratiyasını möhkəmləndirmək üçün işlər görməlidir. Gürcüstanın demokratiya və qanunun aliliyinə sadiqliyi bizim münasibətlər strategiyasının fundamental elementidir”, - Kent bildirib.

O deyib ki, Gürcüstanda hazırkı siyasi böhran ölkənin demokratik inkişafı və Rusiyanın qərəzli təsiri qarşısında potensial zəifliyi baxımından narahatlıq doğurur: "Vaşinqton Gürcüstanın siyasi qüvvələrini siyasi böhrana son qoymaq üçün çətin kompromislərə getməyə çağırır”.