ABŞ səfirliyi Tofiq Yaqublunun həbsindən narahatdır

ABŞ səfirliyi Tofiq Yaqublunun həbsindən narahatdır

19-12-2023 13:06 / Bu xəbər 734 dəfə oxundu

Səfirlik təməl haqlarından istifadəyə görə həbs edilmiş bütün məhbusların azad olunmasına çağırır

ABŞ-ın Azərbaycandakı səfirliyi siyasi fəal Tofiq Yaqublunun həbsindən narahatlığını ifadə edib. 

Bu barədə səfirlik özünün "X” platformasında paylaşım edib.

Paylaşımda bildirilir: "Biz Tofiq Yaqublunun həbsindən və saxlanmasından çox narahatıq. Tofiq Yaqublunun və təməl haqlarından istifadəyə görə həbs edilmiş bütün məhbusların azad olunmasına çağırırıq”.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində dekabrın 15-də Nərimanov Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunan Tofiq Yaqublu məhkəmədə bu ittihamların saxta olduğunu bildirib.

Siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayan Yaqublu təqsirsiz olmasına baxmayaraq, məhkəmədən heç bir gözləntisi olmadığını deyib.

O bildirib ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, hakimlər gələn sifarişi yerinə yetirir. Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. 

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. 

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi.

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. 

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.