ABŞ səfirliyi yenə narahat olub

ABŞ səfirliyi yenə narahat olub

03-12-2021 13:43 / Bu xəbər 5116 dəfə oxundu

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi hökumətin 1 dekabr aksiyasına münasibətindən narahat olub.

Bu barədə səfirliyin dekabrın 2-də yaydığı bəyanatda belə deyilir: "Biz 1 dekabr tarixində Bakıda dinc etirazçılara qarşı zorakılıqdan dolayı dərin narahatlıq keçiririk”.

Səfirlik Azərbaycan Konstitusiyasının təsbit etdiyi toplaşma və ifadə azadlığını dəstəklədiyini vurğulayıb.

Dekabrın 1-də paytaxtın "Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. 

Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti sonradan sərbəst buraxılıb.

Dekabrın 2-də Səbail Rayon Məhkəməsi saxlanılan 4 AXCP üzvü və ictimai fəal, tələbə Rüstəm İsmayılbəyli haqda qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.

Eyni zamanda, aksiya günü saxlanılan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun döyülməsi ictimai etiraza səbəb olub.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 27 gündür ki, aclıq aksiyası keçirir. 

Onun səhhətinin pisləşdiyi, 15 kq çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ictimai-siyasi şəxs, hüquq müdafiəçiləri və jurnalistlər Saleh Rüstəmovun azad olunması tələbi ilə müraciət ediblər. 

Hələlik heç bir rəsmi reaksiya yoxdur.(Meydan TV)