ABŞ senatoru Azərbaycanı jurnalistləri və fəalları azad etməyə çağırıb
10-09-2024 15:36 / Bu xəbər 604 dəfə oxundu
"Azərbaycan hakimiyyətindən gözlənən söz və sərbəst toplaşma azadlığını tanımasıdır”
ABŞ senatoru Ben Cardin Azərbaycanın BMT-nin iqlim dəyişikliyi konfransına ev sahibliyi etməyə hazırlaşdığı bir dönəmdə hökuməti həbsdə olan jurnalist və fəalları azad etməyə çağırıb.
Bu barədə yaydığı bəyanatda bildirib ki, COP29 kimi böyük beynəlxalq konfransa ev sahibliyi etmək məsuliyyətdir. Bunu edəcək Azərbaycan hakimiyyətindən gözlənən söz və sərbəst toplaşma azadlığını tanımasıdır.
"Lakin Azərbaycan bunu etmir, bu gün onlarla fəal və jurnalisti həbsdə saxlayır”, – bəyanatda bildirilir.
Senat əlavə edir ki, azadlığa buraxılmasını istədiyi insanlar arasında ekoloq və keçmiş deputat Nazim Bəydəmirli, antikorrupsiya fəalı, iqtisadçı Qubad İbadoğlu, demokratiya fəalı Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi İlhamiz Quliyev, müstəqil seçki müşahidəçisi Anar Məmmədli, redaktorlar və jurnalistlər: Ülvi Həsənli , Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov, fəal Tofiq Yaqublu, hüquqşunas Ələsgər Məmmədli, iqtisadçı Fərid Mehralızadə var: "Əgər Azərbaycan Avro-Atlantik icması ilə möhkəm əlaqələr qurmağa çalışırsa, mən Prezident İlham Əliyevi onun hökuməti tərəfindən haqsız yerə həbs edilənləri, o cümlədən erməni məhbusları, Çovdar qızıl mədəninin zərərli təsirinə etiraz edənləri və ictimai fəalları azad etməyə çağırıram”.
O həmçinin deyir ki, Azərbaycan beynəlxalq birliyin mühüm üzvü və ABŞ-nin tərəfdaşı olmaq potensialına malikdir, bunun üçünsə ilk növbədə haqsız yerə həbs edilənləri azad etməlidir.
Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim dəyişikliyi ilə bağlı Konfransı keçiriləcək.
Sentyabrın 9-da ABŞ Prezidenti Co Bayden ay sonu Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 79-cu sessiyasında ABŞ-ni təmsil etmək üçün Cardini namizəd göstərib.