ABŞ: "Ukrayna öz istehsalı olan silahlardan istifadə etməklə Rusiyaya zərbə endirə bilər"

ABŞ:

01-10-2024 12:59 / Bu xəbər 480 dəfə oxundu

Bazar ertəsi Amerika Birləşmiş Ştatları bildirib ki, Ukrayna öz silahları ilə Rusiyanın dərinliklərinə Qərbin icazəsi olmadan da zərbə endirə bilər.

"Ukraynanın həqiqətən özünümüdafiə üçün bir çox vasitələri var", - deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə "Turan"ın suallarına cavabda bildirib.

"O, suveren ölkədir və öz istehsal etdiyi silahlardan istifadə edə bilər, onun belə silahları çoxdur", - deyə o qeyd edib.

Bu yaxınlarda Kiyev öz uzaq mənzilli PUA-larından istifadə ilə Rusiya ərazisindəki hədəflərə uğurlu hücumlar həyata keçirib.

Miller deyib ki, ABŞ Ukraynanın müdafiə sənayesi bazasının inkişafına investisiyalarını davam etdirir. 

"Biz hər zaman onlara yardım etmək üçün əlavə imkanlar axtarırıq. Cümə axşamı prezident Bayden təhlükəsizlik sahəsində 8 milyard dollarlıq əlavə yardım ayrıldığını açıqlayıb", - deyə o qeyd edib.

Miller Vaşinqtonun Ukraynanın cavab zərbəsi üçün Amerika silahından istifadə etməsinə niyə icazə verməməsi haqqında "Turan"ın sualına birbaşa cavabdan yayınaraq, ABŞ-ın Ukraynaya dəstək üçün bütün imkanları nəzərdən keçirdiyini bildirib.