ABŞ Ukraynadakı cinayətləri araşdırmaq üçün yeni qrup yaradacaq

ABŞ Ukraynadakı cinayətləri araşdırmaq üçün yeni qrup yaradacaq

18-05-2022 16:50 / Bu xəbər 2203 dəfə oxundu

Beynəlxalq Cinayət Məhkəməsi Kiyevə 42 nəfərlik qrup göndərib

Beynəlxalq Cinayət Məhkəməsi mayın 17-də Rusiyanın işğalından bu yana Ukraynada baş vermiş hərbi cinayətləri araşdırmaq üçün bu ölkəyə 42 nəfərlik qrup göndərib.

Bundan əlavə, ABŞ da Rusiya tərəfindən Ukraynada iddia edilən hərbi cinayətləri araşdırmaq, sənədləşdirmək və ictimailəşdirmək üçün yeni qrup yaradacaq.

ABŞ Dövlət Departamenti bildirib ki, Münaqişələrin Müşahidə Mərkəzi Ukraynada Rusiyanın törətdiyi hərbi cinayətlər və digər vəhşilikləri araşdıracaq, təhlil edəcək və bununla bağlı geniş sübutlar təqdim edəcək.

Mayın 17-də rəsmilər Rusiya və Ukrayna arasında sülh danışıqlarının durğunlaşdığını, Moskvanın danışıqlara qayıtmağın çətin ola biləcəyini açıqladığını bildiriblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, danışıqları təşkil edənlər Ukraynadakı vəziyyətin əvəzinə, Qərbin dediklərini müzakirə etməyə cəhd etsələr, heç bir sülh razılaşması əldə oluna bilməz.

O, danışıqlarda irəliləyiş şansını istisna edir: "Biz həmişə deyirik ki, danışıqlara hazırıq, lakin bizə başqa seçim verilməyib”.

"The Guardian” yazır ki, Mariupoldakı "Azovstal” zavodunda həftələrlə davam edən müqavimətə son qoyan 260-dan çox ukraynalı əsgərin taleyi hələ də qaranlıq qalıb.

Onların Rusiyanın nəzarətində olan digər ərazilərə köçürüldüyü bildirilir.

Ukrayna müdafiə nazirinin müavini onların əsir mübadiləsi zamanı dəyişdiriləcəklərini söyləyib, lakin bəzi Rusiya rəsmiləri onların mühakimə oluna və hətta edam edilə biləcəyini açıqlayıb.

Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiyanın Ukraynanın şimalındakı Çerniqov vilayətinin Desna kəndinə endirdiyi raket zərbəsi nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Regionun qubernatoru Vyaçeslav Çaus bildirib ki, Rusiya çərşənbə axşamı yerli vaxtla səhər saat 5 radələrində dörd raket buraxıb.

Onun sözlərinə görə, raketlərdən ikisi kənddəki binalara düşüb.

Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində bir kəndin isə Ukrayna tərəfindən atəşə tutulduğu bildirilir. Vilayət qubernatorunun məlumatına görə, xəsarət alan olmayıb.

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskiyə Fransanın yaxın günlərdə Kiyevə silah tədarükünün intensivləşəcəyinə söz verib.

Zelenski isə açıqlamasında deyib ki, Makronla "uzun və mənalı” söhbəti olub.

Orada "döyüş əməliyyatlarının gedişi, "Azovstal”dan hərbçilərin xilas edilməsi əməliyyatı və danışıqlar prosesinin perspektivlərinə baxış” müzakirə olunub.

Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell, Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsindən sonra "təsirli itkilər” verə biləcəyini söyləyib.

O, jurnalistlərə deyib ki, Rusiyanın müharibə başlayandan bəri öz qoşunlarının 15%-ni itirdiyi məlumatı doğrudursa, bu, bir ölkəyə hücum edən ordunun itkiləri üzrə dünya rekordudur: "Bütün Aİ-yə üzv dövlətlər Finlandiya və İsveçi NATO-ya üzv olmaqda dəstəkləyəcəklər”.

Finlandiya və İsveç Türkiyənin hərbi alyansın genişlənməsinə mane olmaq təhlükəsinə baxmayaraq, NATO-ya birlikdə üzv olmaq üçün öz təkliflərini təqdim edəcəklərini açıqlayıblar.

İsveçin alyansa qoşulmaq niyyətini təsdiqləməsindən bir gün sonra Finlandiya parlamenti hökumətin NATO-ya üzv olmaq təklifini böyük səsçoxluğu ilə təsdiqləyib.

Finlandiya Prezidenti Sauli Niinistö hər iki ölkənin tarixi üzvlük iddialarına Türkiyənin müqavimətini dəf edəcəyinə əmin olduğunu bildirib.

Ağ Evdən verilən məlumata görə, Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson cümə axşamı ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Liderlərin Finlandiya və İsveçin NATO müraciətləri, Avropa təhlükəsizliyi və Rusiyanın işğalı fonunda Ukraynaya dəstəyini müzakirə edəcəyi gözlənilir.(Meydan TV)