ABŞ Ukraynaya 17-ci hərbi yardım paketini göndərəcək

ABŞ Ukraynaya 17-ci hərbi yardım paketini göndərəcək

02-08-2022 14:42 / Bu xəbər 1065 dəfə oxundu

"Ümumi məbləğ səkkiz milyard dollardan çoxdur”

ABŞ Ukraynaya yardım paketinin ayrıldığını elan edib.

Pentaqon "HIMARS” sistemləri üçün "75 000 155 mm” kalibrli mərmi və əlavə mərmi ehtiva etdiyini açıqlayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya yardım paketinin 550 milyon dollar civarında olduğunu bildirib.

Con Kirbi bu barədə avqustun 1-də Ukraynaya yeni hərbi yardım paketinin təfərrüatlarını açıqlayan zaman deyib.

"Bu gün elan edilən paketə yüksək mobil təkmil HIMARS raket sistemləri üçün əlavə mərmilər, həmçinin artıq Ukraynaya təhvil verilmiş 155 mm-lik artilleriya üçün sursatlar daxil olacaq”, – deyə Ağ Evin sözçüsü bildirib.

O deyib ki, bu, Co Bayden administrasiyasından prezident fərmanı ilə ABŞ ordusunun anbarından ayrılmış sayca 17-ci hərbi yardım paketidir: "Ümumi məbləğ səkkiz milyard dollardan çoxdur”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.