ABŞ Ukraynaya daha yeni raket sistemləri verir

ABŞ Ukraynaya daha yeni raket sistemləri verir

23-07-2022 18:30 / Bu xəbər 856 dəfə oxundu

Cümə günü Ağ Ev Ukrayna üçün daha 270 milyon dollarlıq hərbi yardımın ayrılmasını təqdir edib. 

Nəticədə, fevral ayından Kiyevə ayrılan yardımın ümumi məbləği 8,2 milyard dollar təşkil edib.

Məlumatı "Turan"ın Vaşinqton müxbiri yayıb.

Bildirilir ki, yeni paket 4 ədəd HİMARS 4 yüksək mobil artilleriya raket sistemini, 36000 mərmi və 580 "Phoenix Ghost" taktiki dron və digər avadanlıqlardan ibarətdir.

"Prezident Co Bayden aydın şəkildə işarə edib ki, biz Ukrayna hökumətinə və xalqına lazım olan qədər dəstək verməyə davam edəcəyik", - Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi mətbuat üçün virtual brifinq zamanı jurnalistlərə bildirib.

ABŞ-ın qiymətləndirməsinə görə, HİMARS və Phoenix Ghost savaş meydanında vacibdir, Moskvanın böyük atəş gücünə baxmayaraq, Ukraynaya Rusiyanın onlarla hədəfini məhv etməyə və döyüşdə qalmağa imkan verir.

Kirbi  tezliklə Vaşinqtonun Ukraynaya yeni qırıcı təyyarələr verə biləcəyinə işarə edib. 

"Pentaqon qırıcıların potensial təqdim edilməsi imkanlarının müəyyən ilkin araşdırmalarını aparır", - o deyib.

"Ukrayna xalqı Rusiyanın amansız və haqsız təcavüzü qarşısında öz ölkəsini və öz azadlığını qoruyaraq dünyanı ruhlandırır", - Dövlət katibi Entoni Blinken deyib.

"Birləşmiş Ştatlar Ukraynanın öz suverenliyini və ərazi bütövlüyünü Rusiyanın təcavüzündən qoruması üçün təhlükəsizlik sahəsində həyat əhəmiyyətli  yardımın göstərilməsində 50-dən çox ölkədən müttəfiq və tərəfdaşlarını dəstəkləməyə davam edir", - o əlavə edib.

"Bizim Ukrayna xalqına sadiqliyimiz sarsılmayacaq. Biz Ukrayna ilə birlikdəyik", - Blinken deyib.