ABŞ və İran rəsmilərinin görüşündə "İŞİD" faktoru - ŞƏRH
15-01-2015 17:45 / Bu xəbər 1004 dəfə oxundu
Yanvarın 14-də İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı ilə bağlı ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüşdə İran tərəfdən xarici işlər naziri Cavad Zərifin, ABŞ tərəfdən isə dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
İran xarici işlər nazirinin müavini Abbas Əraqçi danışıqlardan sonra verdiyi açıqlamada Cenevrə görüşünü “çox şəffaf və ciddi danışıqlar” adlandırıb. Eyni zamanda o bildirib ki, tam razılığın əldə olunması iş çətindir. Ancaq eyni zamanda əlavə edib ki, tərəflər razılığın əldə olunmasında maraqlıdırlar.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov keçirilən görüşü Aktual.az-a şərh edib.
Politoloq görüşdə "İŞİD"ə qarşı mübarizə faktorunun da müzakirə obyekti olduğunu vurğulayıb: "ABŞ başda olmaqla Qərb son vaxtlar İrana qarşı güzəştlər edir. Məlum məsələdir ki, nüvə danışıqlarının bu yaxınlarda nəticəsi olmasa da, bir sıra sanksiyalar İran üzərindən götürüldü. Bu, reallıqdır. Belə vəziyyətdə müəyyən nəticələr də çıxarmaq olar. Geosiyasi reallıqlar, Rusiyaya sanksiyaların tətbiq olunması fonunda, ABŞ və Qərb "İŞİD"in hücumuna məruz qalan ölkələr kimi öz sıralarına yeni bir müttəfiq əlavə etmək istəyirlər. Məlum məsəldir ki, İran "İŞİD"ə qarşı kəskin şəkildə çıxış edir, bəyanatlar verir. Hətta Suriyada onun bir sıra dəstələri "İŞİD"ə qarşı vuruşur. Təbii ki, bu ABŞ-ı qane edən bir addımdır. ABŞ və rəsmi Vaşinqton rəsmi şəkildə bəyan etməsələr də, hər halda başa düşürlər ki, İran kimi "İŞİD"lə mübarizə aparan yeni bir oyunçu tapıblar. İranın bu istiqamətdə atdığı addımlar Qərbi qane edir. Təbii olaraq ABŞ bundan istifadə edərək hazırda bir tərəfdən "İŞİD"ə qarşı mübarizə aparır, digər tərəfdən Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Düşünürəm ki, ABŞ və İran Xarici İşlər nazirləri səviyyəsində görüşün keçirilməsi ola bilsin ki, müəyyən mənada bu "İŞİD"ə qarşı mübarizə faktorunun müzakirəsi ilə də bağlı ola bilər".
Arqument.Az












