ABŞ xaricə yardımları 3 ay müddətinə dayandırıb

ABŞ xaricə yardımları 3 ay müddətinə dayandırıb

25-01-2025 15:59 / Bu xəbər 248 dəfə oxundu

Rubionun dipomatik korpuslara göstəriş verdiyi bildirilir

ABŞ Dövlət katibi Marko Rubio yanvarın 24-də əksər mövcud xarici yardım qrantlarının 3 ay müddətində dayandırılması barədə əmri imzalayıb. 

Bu qərar Dövlət Departamenti rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb.  

"Politico” yazır ki, qərar Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.

Nəşrin əldə etdiyi sənədə görə, ABŞ-nin diplomatik korpusları və konsulluq nümayəndəliklərinə göndərilən təlimatda bütün "mövcud xarici yardım qrantları” üzrə işlərin dayandırılması tapşırılıb. 

Bildirilir ki, göstəriş dərhal qüvvəyə minib.

Nəşrin yazdığına görə, bu, Prezident Donald Trampın xarici yardım qrantlarının dövlət katibi tərəfindən araşdırılmasını tələb edən son fərmanından da irəli gedir. Çünki Trampın fərmanında bunun artıq ayrılmış vəsaitlərə və ya Ukraynaya yardıma təsir edib-etməyəcəyi dəqiq göstərilmirdi.

Məsələ ilə tanış olan üç hazırkı və iki keçmiş məmurun sözlərinə görə, yeni təlimatlar ABŞ hökuməti tərəfindən təsdiqlənmiş yardım proqramları üzrə maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı bütün addımları dayandırır.

"Departament xarici yardımla bağlı tamamilə "nüvə siyasətinə” keçdi,” – Dövlət Departamentinin bir rəsmisi belə deyib.

Bildirilir ki, göstərişdə bəzi istisnalar da nəzərdə tutulub. Məsələn, Misir və İsrail üçün xarici hərbi maliyyələşdirmə, təcili ərzaq yardımı və "mövcud qrantlar çərçivəsində bu göstərişdən əvvəl yaranmış qanuni xərclər və s. 

Sənəddə həmçinin qərarların müvafiq qrant şərtlərinə uyğun olması da vurğulanıb.

Rəsmilər deyiblər ki, bu 90 günlük fasilə Ukrayna, İordaniya və Tayvan kimi əsas müttəfiqlərə yardımı əngəlləyə bilər. 

"Turan” yazır ki, bu göstəriş Azərbaycanın USAID proqramlarına dəstəyi dayandırmaq qərarı eyni vaxta təsadüf edir.

Azərbaycan hakimiyyəti USAİD-i antihökumət fəaliyyətlərində ittiham edib və 1 iyul 2024-cü il tarixindən etibarən ölkədəki fəaliyyətinə rəsmən son qoyulduğunu elan edib.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov 16 yanvarda keçirilən mətbuat konfransında bu qərarı açıqlayaraq, illərlə davam edən gərgin münasibətlərin nəticəsi kimi xarakterizə edib. 

"Azərbaycanda USAID fəaliyyətlərinə son verməyin vaxtıdır”, – deyə Bayramov bildirib. 

O, ABŞ-ni öz maraqlarını üstün tutmaqda və Azərbaycana şərtlər diktə etməkdə günahlandırıb.

Agentlik ehtimal edir ki, Bakı Vaşinqtonun bu qərarı barədə əvvəlcədən məlumatlı ola bilər.

Amma öz qərarını müstəqil bir addım kimi təqdim edib. 

Azərbaycan müstəqil səsləri dəstəkləyən xarici yardımlara qarşı olsa da, hökumətin siyasətinə uyğun olan Qərb qrantlarını qəbul etməyə davam edir.