ABŞ yenə İbadoğlunun dərhal azad edilməsinə çağırış etdi

ABŞ yenə İbadoğlunun dərhal azad edilməsinə çağırış etdi

01-11-2023 14:46 / Bu xəbər 921 dəfə oxundu

İqtisadçının ailəsi onun hüquqlarının bərpası üçün Ombudsmana da müraciət göndərib

ABŞ oktyabrın 31-də növbəti dəfə Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.

"Turan” yazır ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat brifinqində deyib.

"Biz Qubad İbadoğlunun həbsindan narahatıq və onun səhhətinin pisləşməkdə davam etdiyi barədə xəbərlər bizi məyus edir. Bir neçə dəfə Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırmışıq. Yenə Azərbaycanı öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq hamının hüquqlarını və əsas azadlıqlarını qorumağa dəvət edirik”, – o bildirib.

Qubad İbadoğlunun ailəsi onun hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) də müraciət edib.

Onlardan təcili tədbirlər görməsini istəyiblər:

– Vəkillərlə telefon əlaqəsinə qadağa qoyulub;
– Ailəsi ilə canlı, üzbəüz görüşünə imkan verilmir;
– Gündə 2 saatdan az olmayaraq gəzinti hüququ təmin olunmur;
– Ailəsinin vəsaiti hesabına alternativ müayinə hüququnun həyata keçirilməsinə imkan verilmir;
– Xaricdə yaşayan övladları ilə texniki vasitələrdən istifadə etməklə görüntülü danışıq imkanı yaradılmır;
– Beynəlxalq Qızıl Xaçın Azərbaycan nümayəndəliyinin əməkdaşlarının onu ziyarət etməsinə, nümayəndəliyin həkiminin müayinə aparmasına qadağa qoyulub;
– Qubad İbadoğlunun qanunvericiliklə müəyyən edilmiş qaydada ailəsindən başqa istədiyi şəxslə görüşmək hüququ məhdudlaşdırılıb;
– Kitab qəbuluna qadağa qoyulub;
– Qeydlər aparmaq üçün yazı ləvazimatlarının qəbuluna icazə verilmir.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov deyir ki, ehtiyac varsa, sadalanan hüquqların təsbit olunduğu qanunvericilik aktlarını (müvafiq maddələr göstərilməklə) təqdim etməyə hazırdır.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. 

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.