“Abzas Media işi”: Məhəmməd Kekalova da 7 maddəlik yeni ittiham elan edilib

“Abzas Media işi”: Məhəmməd Kekalova da 7 maddəlik yeni ittiham elan edilib

19-08-2024 01:08 / Bu xəbər 571 dəfə oxundu

Avqustun 16-da "Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalova qarşı da yeni 7 ağır maddə ilə ittiham irəli sürüldüyü məlum olub.

"Abzas Media”ya bu barədə Kekalovun yaxınları məlumat verib.

Bildirilib ki, "Abzas Media” müstəqil media orqanının direktor müavini, ictimai fəal Məhəmməd Kekalova qarşı da Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb. 

Bundan əvvəl "Abzas Media işi” üzrə həbs edilən jurnalist Nərgiz Absalamovaya və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb 

Bu iş üzrə cəlb olunmuş digər şəxslərə qarşı da yeni ittihamların irəli sürüləcəyi gözlənilir. 

Məhəmməd Kekalov ötən il noyabrın 20-də "Abzas Media işi” üzrə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən "Abzas Media”nın rəhbərliyi də daxil olmaqla ümumilikdə 6 əməkdaşı ötən ilin noyabrından etibarən "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, "Abzas Media”da yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.

Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları "Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.