"Abzas Media" Mehralızadə ilə heç bir əlaqəsi olmadığını deyir

03-06-2024 16:38 / Bu xəbər 625 dəfə oxundu

Qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş iqtisadçı Fərid Mehralızadənin "Abzas Media"nın işi ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə adı çəkilən nəşrin müvəqqəti rəhbərliyinin yaydığı bəyanatda deyilir.

Fərid Mehralızadə iyunun 1-də "Abzas Media" əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanılıb. 

"Abzas Media"nın altı jurnalisti həbs edildikdən sonra bu nəşrlə heç bir əlaqəsi olmayan onlarla şəxs dindirilməyə çağırılıb.

Bu iş üzrə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və parlamentin fəaliyyətinin monitorinqini həyata keçirən platformanın rəhbəri İmran Əliyev də həbs olunub, deyə məlumatda qeyd edilir. 

"Fərid Mehralızadənin də "Abzas Media" ilə heç bir əlaqəsi olmayıb, o, bir neçə dəfə saytımıza açıqlama verən yüzlərlə ekspertdən biri kimi suallarımızı cavablandırıb. İqtisadçı paralel olaraq hökumətə yaxın media orqanlarında da ekspert kimi çıxış edib", - deyə sənəddə bildirilir.

 "Biz Azərbaycan hökumətini Vətəndaş Cəmiyyəti fəallarını heç bir sübut olmadan, saxta faktlar düzəltməklə "Abzas Media işi”nə cəlb edilməsinə son verməyə çağırırıq.

"Abzas Media"nın şərlənərək həbs edilmiş əməkdaşları Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı (Abbasova), Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova daxil olmaqla, repressiyaya məruz qalmış bütün digər şəxslərin dərhal azadlığa buraxılmasını tələb edirik", - deyə nəşrin bəyanatında bildirilir.