"Abzas Media"nın jurnalistləri ev dustaqlığına buraxılmadılar

03-07-2024 16:21 / Bu xəbər 650 dəfə oxundu

İyulun 3-də Xətai Rayon Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının və əməkdaşı Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərə baxılıb.

Bu barədə vəkilləri məlumat yayıblar. 

Onların sözlərinə görə, jurnalistlər hesab edirlər ki, onların həbsdə saxlanılması üçün heç bir əsas yoxdur və azadlığa buraxılmalıdırlar. Amma həmişə siyasi işlərdə ədalətsiz qərarlar verən hakim Sülhanə Hacıyeva hər üç jurnalist barəsində vəsatətləri təmin etməyib.

Vəkillər bildiriblər ki, bu qərarlardan apelyasiya şikayətləri verəcəklər.

Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbslərini peşəkar jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

20 noyabr 2023-cü il tarixindən etibarən "Abzas Media"nın 6 jurnalisti "qaçaqmalçılıq" ittihamı ilə həbs olunub. 

Jurnalistlər ittihamları təkzib ediblər.

Onlar heab edirlər ki, cinayət işi "Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə bağlıdır.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıblar.