“Abzas Media"nın jurnalistlərinin şikayətləri təmin edilmədi

“Abzas Media

12-07-2024 13:16 / Bu xəbər 657 dəfə oxundu

İyulun 11-də Bakı Apelyasiya Məhkəməsi "Abzas Media”nın direktoru Ülvi Həsənlinin və araşdırmaçı jurnalist Hafiz Babalının Xətai Rayon Məhkəməsinin qərarlarından verdikləri şikayətləri təmin etməyib. 

Məhkəmə hər iki jurnalisti həbsdə saxlayıb. 

Bu barədə onların vəkilləri "Amerikanın səsi”nə bildiriblər.

Müdafiə tərəfi Ülvi Həsənlinin ev dustaqlığına buraxılmaması, Hafiz Babalının isə həbs müddətinin uzadılması haqda ilkin instansiya məhkəmələrinin qərarlarından apelyasiya şikayətləri verib.

Ümumiyyətlə, indiyədək "Abzas Media işi” üzrə müdafiə tərəfinin verdiyi bütün şikayət və vəsatətlər məhkəmələr tərəfindən təmin edilməyib.

Hafiz Babalının vəkili Rəsul Cəfərov "Amerikanın səsi”nə deyib ki, jurnalist məhkəmədə bildirib ki, 2019-cu ildən sonra hər hansı xarici ölkəyə getməyib. 

"Babalı özü məhkəmədə çıxış edib dedi ki, xarici ölkəyə getmədiyi halda sərhəddən qaçaqmalçılıq yolu ilə valyuta keçirmək qeyri-mümkündür. O, məhkəmə heyətinin diqqətinə çatdırdı ki, nə hər hansı qaçaqmal valyutanın sərhəddən keçirilməsində, nə onun əlaqələndirlməsində, nə də ölkə daxilində kiməsə çatdırılmasında iştirak etməyib. Ona qarşı ittihamla bağlı istintaqın hər hansı dəlili və sübutu da yoxdur. İttiham uydurmadır və o, dərhal azad edilməlidir. Lakin məhkəmə jurnalisti həbsadə saxladı”, - vəkil qeyd edib.

Hər iki vəkil Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) tələblərinin pozulması ilə bağlı məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.

Xatıladaq ki, iyulun 9-da Bakının Xətai Rayon Məhkəməsi Babalının həbs müddətini daha 2 ay 7 gün (sentyabr 20-dək) uzadıb, iyulun 3-də isə Ülvi Həsənlinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edirlər, öz həbslərini "Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bir çox yerli və beynəlxalq təşkilat bu iş üzrə həbs edilənləri siyasi məhbuslar hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə vətəndaşların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin olunduğunu bəyan edir.