Ağdam heç vaxt birlikdə olmayacaq ailəmdi...

Ağdam heç vaxt birlikdə olmayacaq ailəmdi...

20-11-2020 16:19 / Bu xəbər 2323 dəfə oxundu

Aynur Elgünəş

Bizim nəsil bir ömrə iki müharibə sığışdırdı. Heç birində seyrçi olmadıq, iliyimizə qədər hiss etdik, yaşadıq…

Biz Ağdamdan çıxanda ailədə 7 nəfər idik. Bu qədər adam hara sığışacaq, kimin qapısında qalacaq deyə düşünürdük. 

Müharibə yeniyetməliyimizi, gəncliyimizi yedi, məhrumiyyətlərlə yaşadıq. 

Ailəm pərən-pərən düşdü, qardaşlarım ölkədən getdi, bacım ailə qurdu, valideynlərim və bizimlə yaşayan nənəm öldü. Ən pisi, köçkünlük düşəndən bir yerdə ola bilmədik, bütün bayramlarda, doğum günlərində evdə kiminsə yoxluğu hiss olundu.

İşləmək, özümdən balacalara kömək etmək məcburiyyəti məni valideynlərimdən uzaqda yaşamağa məhkum etdi…

İndi ötən illəri xatırlayanda gözümün qabağına birinci anamın əlləri gəlir.

Ağdamda işləyən, səhər çıxıb axşam qayıdan, evdəki bütün işləri hazır görən (nənəm edərdi) anam sığındığı orta məktəbdə problemlərlə baş-başa qalmışdı. 

Köçkün həyatının elə ilk aylarında nənəm iflic oldu, yataq xəstəsinə çevrildi və anam düz 11 il sığındığı sinifdə ona qulluq elədi. Hər dəfə soyuq suda nəsə yuduqdan sonra əllərini qoltuğunda isidərdi. 

Gözümün yaddaşına o səhnə əbədi hopub. Hər dəfə anamı düşünəndə gözümün önünə özündən əvvəl məhz qoltuğunda isitdiyi əlləri gəlir…

Bütün bu məhrumiyyətlərin, çabaların sonunda ürəklərində geriyə - Ağdama dönəcəkləri günün ümidini cücərdirdilər. Atamın özü ilə gətirdiyi telefon kitabçasını hər dəfə tullamaq istəyəndə anam əlimdən alıb səliqə ilə qutuya qoyardı. 

"Bəlkə, qayıtdıq, buna baxıb adamların telefon nömrələrini özlərinə verərlər”, - deyəcək qədər sadəlövh idi. Bəlkə də, deyildi, sadəcə, özünü ovudurdu...

Qismət olmadı, bu günü görmədi…

Ağdam uşaqlığımdı, xatirələrimdi və bir də heç vaxt birlikdə olmayacaq ailəmdi.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.