Ağdaşda 2 milyonluq korrupsiya

Ağdaşda 2 milyonluq korrupsiya

08-06-2020 21:02 / Bu xəbər 1780 dəfə oxundu

Rayonun keçmiş vəzifə sahibləri məsuliyyətə cəlb edilib

Ağdaşda korrupsiya yolu ilə 2 milyona yaxın pul vəsaiti əldə edən şəxslər saxlanılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatında belə deyilir. 

Bildirilir ki, həmin şəxslər Ağdaşın müxtəlif dövlət idarələrinin vəzifəli şəxsləridir.

Onlarla bağlı cinayət işi 2013-cü ildən başlayıb.

"İşdə Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq direktoru Vahid Seyfəlov, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovun adı hallanır. Onlar qabaqcadan əlbir olaraq, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənovla birgə insanlara saxta arayışlar veriblər”.

Həmin saxta arayışlar yaşayış yeri və təhsil haqqında olub. Məlumatda deyilir ki, o arayışlar əsasında 2006-cı il yanvarın 1-dən 2007-ci il iyunun 10-dək sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adına sosial müavinətlər təyin edilib:

"Sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açılıb. Həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilib”.

Prokurorluq bildirir ki, həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb:

"Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 23 may 2017-ci il tarixdə yeni cinayət işi ayrıca icraata ayrılıb və iş üzrə icraat 20 may 2020-ci il tarixdə təzələnib”.

Məlumatda o da bildirilir ki, həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayeva da eyni cinayət əməllərini törədib:

"2006-cı il yanvarın 1-dən 2007-ci il iyunun 7-dək vəzifə səlahiyyətlərindən sui-istifadə edib, saxtakarlığa yol verib. Cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib”.

Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Meydan TV işdə adı hallanan şəxslərin yaxınları ilə əlaqə saxlaya bilməyib.