Adil Əliyev: Qardaşım oğlunun Çexiyada biznesi var

Adil Əliyev: Qardaşım oğlunun Çexiyada biznesi var

15-03-2018 03:47 / Bu xəbər 3855 dəfə oxundu

Millət vəkili Adil Əliyevin Meydan TV-nin suallarını cavablandırıb

- Haqqınızda məlumat yayılıb ki, Çexiyanın Karlovı Varı şəhərində mülkləriniz var. Nə dərəcədə doğrudur?

- Bunlar çeynənmiş məsələlərdir. Mətbuat yazır-pozur. Kimlərsə yazılanı tez götürüb işıqlandırır, amma pozulanı heç demirlər ki, bunu artıq pozublar. Mənə bir dəfə sual verdilər ki, Çexiyada eviniz var. Evim var, bu gün Çexiyadakı evlər Sulutəpədəki və ya Bakıətrafı qəsəbələrdəki evlərdən çox-çox ucuzdur. Orada mənim böyük qardaşımın oğlunun şirkəti var, iş adamıdır. Böyük qardaşım orada yaşayır, gedir-gəlir. Heç kimə hesabat vermirəm və bu hesabatı məndən heç kim soruşa bilməz. Mənim səlahiyyətlərim var və ona uyğun hərəkət edirəm. Vaxtilə hərbçi, polis olmuşam. Bugünkü günə qədər də bütün hərəkətlərimin hamısı yazılıb-pozulub. Yəni tərcümeyi-halımla, günlərlə, tarixi ilə bağlı hamısı yazılıb. Təhsil aldığım müddətdən - 1987-ci ildən bugünkü günə qədər bir gün təhsilsiz, işsiz qalmamışam. Bu gün üç ali təhsilim, elmi dərəcəm var. İşlərimdə də məsuliyyətimi dərk edirəm. Həmçinin, dövlətimə, millətimə bağlı bir adamam. Bu hakimiyyətin də əsgəriyəm. Dünən demişəm, bu gün də deyirəm: Məni heç bir qüvvə bugünkü istəyimdən geri döndərə bilməz. Bu, mənim yolum, seçimimdir. Çexiya ilə bağlı yenə deyirəm: mən hər il ora gedirəm, səbəbini mətbuat üçün deyə bilmərəm, bilənlər səfərimin səbəbini də bilirlər. Yazılanlar da tam cəfəngiyyatdır. Biz həmişə Karlovı Varıya gedəndə orada digər ölkələrin bayraqlarını görsək də, Azərbaycanın bayrağı görmürdük. Bu işlərə baxan şirkətlərdən xahiş edirdik ki, Azərbaycan bayrağını ora assınlar. Onlar da asırdılar. O gün Karlovı Varıya aid bir süjetdə görürəm, deyir ki, burada Azərbaycan bayrağı var, demək, azərbaycanlılara məxsusdur. Azərbaycanlılara məxsus olması pisdir bəyəm?

- Amma bu gəlirlərin şəffaf olmasına aid şübhələr var. İddia edilir ki, onlar məmurlara məxsusdur və belə mülklərin, obyektlərin olması çirkli pulların yuyulmasına işarədir.

- Nə mənim, nə də ailəmin çirkli pullara aidiyyatı var. Ümumiyyətlə, bizim o pullara əlimiz dəyməyib, görməmişik. O pullar necə olur, hansı rəngdə olur? O çirkli pullar kimin vasitəsilə yuyulur, necə yuyulur? Bu gün çirkli pulları yuyanlar da, görənlər də bəllidir. Bizim o pullardan xəbərimiz yoxdur. Əgər elə bir şey olsaydı, hökumət, xalq qarşısında cavab verərdik. Bu gün hər hansı iş adamının, xırda bir maşın alverçisinin də xarici avtomobili, bakıətrafı kəndlərdə mülki var. İndi bunların hamısı qara, çirkli pullar yuyurlar? Yəni üç diplomu olan insan o qədər ağılsız oldu ki, özünə bir maşın, mülk ala bilmədi, ailəsini saxlamağı bacarmadı?! Yəni bu, nə dərəcədə real söhbətdir ki, düşüblər dalınca? Onun mülki var, onun maşını var... Get sən də ağlını yığ başına, işlə, mülk qazan. Olanların hamısını dövlətdən oğurlayıblar bəyəm? Bu düşüncələrin dəyişməsi üçün insanların gərək təfəkkürü, bir-birinə olan münasibəti dəyişsin. Avropada yaşamaqla, avropalı olmayacaqsan. Avropada yaşayıb soy-kökünü təhqir edən insan heç vaxtı özünə hörmət eləməyəcək. Mən hələ bu insanların psixologiyasını dərk edə bilmirəm. Ölkəmizə olan bu qədər təzyiqlərin içində ora gedib xırda-xuruş işlərlə məşğul olub, camaatın başını qatmaq lazım deyil. Gedib orda təhsil alıb, oxumaq, böyük işlərlə məşğul olmaq lazımdır.

- Bəlkə, bu şəraiti hakimiyyət özü yaradıb? Məsələn, Nidaçı məhbus İlkin Rüstəmzadəni əsgər ölümləri ilə bağlı aksiyalarda təşkilatçı olduğu üçün 5 ildən artıqdır ki, həbs ediblər. Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyır. İşlətmədiyi cinayətə görə bir insanın həyatından 5 il oğurlamaq nə qədər düzgündür?

- Deyirsiniz ki, 200 nəfər siyasi məhbus var. İndi adam gedib kütləvi iğtişaş zamanı birinin mülkünü, dükanının şüşəsini qırır, deyirsən ki, siyasi məhbusdur. Bəs onun vurduğu, qırdığı mülkün sahibini sən insan saymırsan? Niyə siyasi məhbus adlandırırsan onları? Onlar iğtişaş zamanı törətdikləri cinayətlərə görə həbs olunublar. Özü də o dediyiniz beynəlxalq təşkilatlar bir milyon qaçqınımızın dərdinə yansınlar da? Onlara dəymiş maddi, mənəvi ziyanın tanınmasında iştirak etsinlər də. Dövlət (hakimiyyəti nəzərdə tutur - red) əməlisaleh, ağlı başında, kişi kimi müxaliflik edən insanı həbs eləmir, onların bostanına daş atmır. O insanların bostanına daş atır ki, onların qanında satqınlıq var. Xarici qüvvələrdən pul alıb qışqır-bağır salırlar.

- Beynəlxalq təşkilatların tanıdığı siyasi məhbuslar adətən narkotik ittihamı ilə həbs olunurlar, iğtişaş zamanı törətdiyi cinayətlərə görə yox...

- Elə bilirsiniz ki, ölkədə cinayətkar, narkoman yoxdur? Bəs bu cinayətkarlar kimlərdi onda? Dünyanın hansı yerində cinayətkar, narkoman yoxdur? Dünyanın hər bir yerində bunlardan var.

- Müxalifsənsə, mütləq narkotik ittihamı ilə həbs olunmalısan?

- Türmələrdə onminlərlə adam yatır, bunların hamısı müxalifətçidir? 10 min nəfərin içində 200 nəfər müxalifətçi olmasın? Bir də ki, bu 10 min insanı həbs etmək olar, amma o 200 nəfəri həbs etmək olmaz?

- Son günlər siyasi mübarizədə təhqirlə bağlı müzakirələr genişlənib. Sizin də bu haqda statusunuz var idi...

- Mən təhqirə, təzyiqə, şiddətə qarşı olan adamam. İstənilən halda hansı camiədə olursansa, ol, gərək ədalət prinsiplərini qoruyub saxlayasan. Əgər ədalət prinsiplərini qoruyub saxlasan, istənilən arzuna, niyyətinə çatma şansın daha da çoxalar. Onun üçün də, kimlərsə öz istəyinə söyüşlə, təhqirlə çatmaq istəyirsə, bu, yanlış addımdır. Ümumiyyətlə, insan öz mədəniyyətini, əxlaqını, soy-kökünü, mənsub olduğu xalqı nəzərə almalıdır. Bizim millətimizdə belə söyüş söyən insanlar heç vaxt olmayıb və olanları da şiddətlə qınayıram. Açığı, mənim telefonla və ya sosial şəbəkə ilə ünsiyyət qurmağa vaxtım yoxdur. Ona görə də bu suala geniş cavab verə bilməyəcəm. Qərargahım 24 saat istənilən insanın üzünə açıqdır. Gəlsinlər, onları maraqlandıran sualları versinlər, mən də verilən sualları ətraflı cavablandırmağa hazıram.