Adil Qeybulla ADR-dən istefa verdi
15-03-2023 16:25 / Bu xəbər 932 dəfə oxundu
Qubad İbadoğlu: "Siyasət bir sənətdir, amma riyakarlıq sənəti deyil”
Professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verib.
O, bu barədə "Facebook” hesabında məlumat yayıb.
Adil Qeybulla istefasının səbəblərini hərəkatın antidemokratik idarə olunması ilə əlaqələndirib.
Professor yazır ki, bir müddət Vurğun Əyyubun nüfuzu fonunda hərəkatın strukturları qurulub, təşkilat qısa müddət ərzində nüfuz qazanıb, bir neçə müraciətdən sonra Ədliyyə Nazirliyindən də qeydiyyatdan keçib: "Vurğun bəy partiyada 1-ci müavin vəzifəsini tuturdu. Vurğun bəyin dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur”.
"Təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun "əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub”, – deyə Qeybulla əlavə edib.
Professorun fikrincə, bu durum partiya daxilində ikitirəliyin, mövqe savaşının əsasını qoyub: "Beləliklə, partiyada qeybət mədəniyyətinə, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kampaniyasına start verildi. Rayon təşkilatlarına kriminal ünsürlərin, reputasiyası zədəli şəxslərin yerləşdirilməsi, saxta seçkilər, rayon təşkilatlarının qurulması haqda görüntü yaratmaq, təşkilat üzvləri arasında partiya sədri haqda üfürülmüş nüfuz və sərsəm xülyalarla illüziyalar formalaşdırmaq bir qrup şəxsin fəaliyyət proqramına çevrildi. Antik dövrlərin mumiyalarını xatırladan vücudların bayraq statusunu ala bilməyən ağ parçanın fonunda poz verərək apardığı müdəllidlik kompaniyalarının kompozisiyaları da bunu bir daha sübut edir”.
"Siyasi partiyalar haqqında” məlum qərardan sonra, heç kimlə məsləhətləşmədən qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının isə hamınız şahidi oldunuz”, – Qeybulla belə yazıb.
Yanvarın 12-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) mərkəzi icra strukturları buraxılıb.
Partiyanın sədri Qubad İbadoğlu səbəb kimi dövlət başçısı İlham Əliyevin yanvarın 11-də imzaladığı "Siyasi partiyalar haqqında” Qanununu göstərib.
Meydan TV Adil Qeybullanın fikirləri ilə bağlı Qubad İbadoğluna sorğu göndərib.
Hərəkatın sədri deyib ki, ADR Partiyası Azərbaycandakı avtoritar rejimə qarşı olduğundan belə hallar gözləniləndir: "Odur ki, geniş açıqlamaya ehtiyac görmürəm. Yeganə ricam odur ki, Vurğun bəyin təmiz adını çirkli dillərinə dolamasınlar. Siyasət bir sənətdir, razıyam, ancaq riyakarlıq sənəti deyil, biz fərdlərə yox, rejimə qarşı mübarizə aparırıq və bu mübarizədə yeganə silahımız dürüstlükdür”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb.
17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında partiya elan edilib.
2023-cü ildə ADR Partiyası icra strukturlarını buraxaraq yenidən özünü hərəkat elan edib.
Hərəkatın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.