ADR Hərəkatının piketinə icazə verilməyib

ADR Hərəkatının piketinə icazə verilməyib

16-11-2019 12:41 / Bu xəbər 311 dəfə oxundu

Qubad İbadoğlu: "İdarə Heyətində müzakirə olunduqdan sonra icra hakimiyyətinə cavab veriləcək”

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında təyin etdiyi piketin keçirilməsinə icazə verməyib.

İcra hakimiyyəti ADR-a cavab məktubunda bildirib ki, qeyd olunan ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq orada toplantı keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaq.

Şəhər rəhbərliyi "Sərbəst toplaşmaq azadlığı haqqında qanun”un 7 maddəsinin I hissəsini əsas tutaraq piketin keçirilməsini məqsəduyğun saymayıb.

Hərəkatın sədri Qubad İbadoğlu icra hakimiyyətinə İdarə Heyətində müzakirə olunduqdan sonra cavab veriləcəyini bildirib.

ADR Hərəkatının İdarə Heyəti uşaq pulunun bərpa olunması, pensiya yaşının artırılmasının dayandırılması, təqaüd və müavinətlərin artırılması tələbi ilə aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Meydan.tv