ADR-in 100 illiyi ilə əlaqədar medal kimlərə verilə bilər?

ADR-in 100 illiyi ilə əlaqədar medal kimlərə verilə bilər?

16-07-2019 16:53 / Bu xəbər 1102 dəfə oxundu

Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə, çoxlu sayda jurnalist, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eyni zamanda millət vəkilləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təsis edilmiş "yubiley” medalı ilə təltif edildilər.

Medal prezident Ilham Əliyevin 2018-ci il, 1 may sərəncamı ilə təsis edilib və bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilə bilərlər.

Prezidetin bu günlərdə imzaladığı sərəncamla, yubley medalı ilə təltif edilən şəslər arasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Real TV-nin rəhbəri Mirşahin Ağayev, jurnalist Azər Həsrət, eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin varisi-nəvəsi Rais Rəsulzadə, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni də var. 

Anews.az sərəncamla bağlı ictimai-siyasi şəxslərlə danışıb. 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyir ki, prezidentin verdiyi sərəncamla bağlı danışmaq düzgün olmaz.

Onun sözlərinə görə, təltif edilən şəxsləri prezident müəyyən edir.

"Bilirsiniz, prezidentin verdiyi sərəncamı şərh etmək düz deyil. Onu prezident müəyyən edir ki, hansı əsaslarla, kimləri təltif edir”, - deyə millət vəkili Aydın Mirzəzadə deyib. 

Rəsulzadə irsinin araşdırmaçısı, tarixçi alim Cəmil Həsənli isə hesab edir ki, nəyinki düzgün adamlar təltif edilməyib, heç sərəncam da düzgün zamanda verilməyib.

"Cümhuriyyətin yüzilliyindən bu qədər müddət keçdikdən sonra, cümhuriyyətin yüzilliyi ilə əlaqədar "yubiley” medalı vermək düzgün deyil. Yox əgər medal təsis olunmuşdusa və ya verilməli idisə, saxlayıb başqa bir vaxt vermək olardı”, - deyə tarixçi alim bildirib. 

Cəmil Həsənli əlavə edib ki, bu medalı haqq edənə də veriblər, etməyənə də.

"Təltif edilənlər arasında haqq edənlər də var, etməyənlər də. Bunların içində Azərbaycan müstəqilliyinin əlehinə səs verənlər də var, cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir edən millət vəkili də. Cümhuriyyət medalının bu adamlara verilməsi Azərbaycan cümhuriyyətini ucuzlaşdırmaq üçündür”, - deyə tarixçi alim  bildirib.

Millət vəkili Elman Nəsirov isə bu sərəncamı yüksək qiymətləndirdiyini deyir. 

Onun sözlərinə görə, sərəncamla təltif edilən şəxslərin hər biri öz sahələrində uğurlu və görkəmli şəxslərdir. 

"Cənab prezidentin sərəncamı ilə millət vəkilləri, bir çox QHT nümayəndələri, varisliyi olan şəxslər, cümhuriyyət qurucularının yaxın qohumları, mətbuat nümayəndələri, ümumilikdə, xüsusi çəkisi olan şəxslər təltif edildilər. Bu çox yüksək qiymətdir. Biz parlamentin sonuncu iclasında da millət vəkilləri olaraq cənab prezidentə təşəkkür etdik”, - deyə Elman Nəsirov bildirib. 

Millət vəkili deyir ki, Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisidir. 

Onun sözlərinə görə, Azərbaycan parlamenti də 1918-ci ildə qurulan ilk parlamentin siyasi-hüquqi varisidir.

"Necə ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisidir, eyni zamanda, milli məclis də Cümhuriyyət parlamentinin siyasi-hüquqi varisidir. Buna görə də millət vəkillərinin də təltif edilməsi çox düzgündür. Eyni zamanda təltif edilən digər şəxslər də öz sahələrində Azərbaycan dövləti üçün çalışan insanlardır”, - deyə millət vəkili bildirib. 

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında mübahisəli fikirlər səsləndirən millət vəkili Naqif Həmzəyevin də təltif edilməsini şərh edən Elman Nəsirov deyir ki, Naqif Həmzəyev səhv anlaşılmışdı. 

Onun sözlərinə görə, o, əslində başqa şey demək istəyib və səhvən o fikirləri səsləndirib. 

"Bilirsiniz, Naqif Həmzəyevlə ikili söhbətlərimizdə də hiss edirdim ki, o çox peşman idi. Gənc, yeni deputat idi və səhvən bir fikir səsləndirmişdi. Başqa şey demək istəyəndə, cümləni yanlış qurmuşdu və fikrini düzgün ifadə edə bilməmişdi. Lakin, Azərbaycan dövləti, xalqı sülhsevər və bağışlayandır. Indi siz Naqif Həmzəyevə zəng edin, o sizə tamam başqa şeylər deyəcək, görəcəksiniz ki, o mübahisəyə səbəb olan fikirləri yanlışlıqla deyib”, - deyə millət vəkili Elman Nəsirov bildirib. 

Millət Vəkili Naqif Həmzəyev isə, danışmaq istəməyib.

O bildirib ki, ümumiyyətlə bu mövzu ətrafında heç bir sualı cavablandırmaq istəmir.

"Cənab prezident yubley medalı ilə məni də təltif etdi, Allah can sağlığı versin, ancaq bu məsələ ilə bağlı danışmaq istəmirəm. Nə qədər uzun-uzadı danışmaq olar? Elə bu medalın mənə də verilməsi əvvəl deyilənlərin şər – böhtan olduğunu bir daha üzə çıxartdı. Artıq bu mövzular bezdiricidir, nə qədər danışmaq olar? Ona görə də danışmaq istəmirəm”, - deyə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında mübahisəli fikirlər səsləndirən millət vəkili Naqif Həmzəyev bildirib.

Hüquq müdafiçəsi Mirvari Qəhrəmanlı deyir ki, təltif edilənlərin 10%-i o medala layiqdir. 

Onun sözlərinə görə, təltif edilənlərin əksəriyyəti trolluq etdiyi, fərqli fikirlərinə görə kimlərisə söydüyü üçün təltif edilib.

"Brejnevin gözü çıxsın, bu medal paylamaq sovetdən qalıb. Kimə gəldi medal paylayıblar, hansı ki, onlardan uzaq başı 10 faizi layiqdir o medala, qalanları yarındığı, trolluq etdiyi, fərqli fikirlərinə görə insanları söydükləri üçün təltif ediliblər”, - deyə Mirvari Qəhrəmanlı bildirib. 

Hüquq müdafiçəsi deyir ki, bu medal həqiqətən də Rəsulzadə irsinin davamçılarına, tədqiqatlar aparan jurnalistlərə, tarixçilərə, araşdırmaçılara verilməli idi. 

Mirvari Qıhrəmanlı  onu da əlavə edib ki, ümumiyyətlə bu medal paylamaq tendensiyasına son qoyulmalıdır. 

"Medal həqiqətən də Rəsulzadə irsinin davamçılarına, tədqiqatlar aparan jurnalistlərə, tarixçilərə, araşdırmaçılara verilməli idi. Istiqlalçı deputatlara, Azərbaycan müstəqilliyinə səs verən şəslərə verilməli idi, verilməyib, nəyə görə?  Ümumiyyətlə bu mdeal paylamaq tendensiyası yığışdırılmalıdır. Artıq sivil dünyada belə bir şey qalmayıb, bircə bizik sovetdən qalma lazımsız işləri davam etdiririk”, - deyə hüquq müdafiəçisi  əlavə edib.