ADR Partiyasının fəaliyyəti dayandırılıb

ADR Partiyasının fəaliyyəti dayandırılıb

16-05-2024 02:51 / Bu xəbər 755 dəfə oxundu

Qubad İbadoğlu isə siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib

Mayın 14-də Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin toplantısı keçirilib.

İdarə Heyəti "Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edib.

Bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul "Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir: "Bununla əlaqədar partiyanın sədri Qubad İbadoğlu hələ 2023-cü ilin 12 yanvarında mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı. Hazırda ADR-in fəaliyyətinin "Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə partiyanın fəaliyyətini dayandırmağa qərar verib”.

Qalib Toğrulun sözlərinə görə, Qubad İbadoğlu 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.

Demokratiya və Rifah Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilib.

2021-ci ilin oktyabrında isə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilib.