ADR sədri: "Uşaqpulu qayğı deyil, öhdəlikdir"

ADR sədri:

07-04-2021 16:29 / Bu xəbər 1655 dəfə oxundu

ReAl Partiyası: "Fikirlərimizi təhrif edib insanları çaşdırırlar"

Sosial şəbəkələrdə uşaqpulu mövzusu yenidən gündəmə gəlib.

ReAl Partiyasının sədri İlqar Məmmədovun uşaqpulunun verilməsini tələb edən şəxslərlə bağlı sosial şəbəkədə yazdığı şərh qarşılıqlı ittihamlara səbəb olub. Belə ki, Məmmədov uşaqpulu tələb edənləri "qaraguruh", "yaramaz" və "pafos tərəfdarları" adlandırıb.

İqtisadçı Qubad İbadoğlu və keçmiş deputat Nazim Bəydəmirli isə hesab edir ki, İlqar Məmmədov səsləndirdiyi ifadələrə görə üzr istəməlidir.

Uşaqpulu tələbi artıq sosial şəbəkələrdə kampaniya xarakteri alıb və uşaqların əlində tutduğu "pulumu ver” plakatları tirajlanır.

Azərbaycanda 2006-cı il yanvarın 1-dək 18 yaşına kimi uşaqlara aylıq müvinətlər (uşaqpulu) verilib.

2006-cı il yanvarın 1-də "Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minib və aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilib. Bununla da uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb. Artıq 15 ildir ki, dövlət ailələrə uşaqlara görə ödəniş etmir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, uşaqpulu qayğı deyil, uşaqların haqqıdır: "Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu, o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşların və uşaqların qarşısında sosial öhdəlikləri var”.

İqtisadçı bildirir ki, Azərbaycan 1992-ci il iyulun 21-də BMT-nin Uşaq Hüquqları Konvensiyasına üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Bu Konvensiya ilə Azərbaycan hakimiyyəti uşaqların haqlarını qoruma öhdəliyi götürüb: "Hazırda kasıb ailələrdə böyüyən uşaqların haqları pozulur. Düşünürəm ki, uşaq pulu ideoloji məsələsidir və konseptual olaraq əsasən, sosial rifah dövlətlərində tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 15-ci maddəsinin II hisssəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu isə o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır. Odur ki, Azərbaycan hakimiyyətinin ideoloji baxımdan da uşaqpulu ödəmək öhdəliyi var”.

Qubad İbadoğlu qeyd edir ki, Azərbaycanda demoqrafiya problemi var: "Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 yüz nəfər azalıb. Azərbaycanda sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir. DSK-nın məlumatından da görünür ki, 2020-ci il yanvarın 1-nə olan məlumata görə sosial müavinət alan uşaqların sayı 401249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləğ 118,4 manat təşkil edib. Bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli, 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır”.

Qubad İbadoğlu
Mənbə: Facebook

İqtisadçı deyir ki, bütün bunlar nəzərə alınsa, uşaqların hər birinə aylıq müavinət verilməlidir: "Azərbaycan Respublikasının qəbul etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyasının 2-ci maddəsində də göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Odur ki, uşaqlar arasında diskrinimasiya yolverilməzdir. Büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir. 18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub”.

Qubad İbadoğlu uşaqpulunun məbləğinin nə qədər olması məsələsinə də toxunub: "Bu, ailələrin gəlirləri əsasında hesablanmalıdır. Uşaq pulunun məbləği ailənin gəlirləri ilə yaşayış hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər. Eyni zamanda, uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın Fondun vəsaiti yetərincə təmin oluna bilər”.

Onun sözlərinə görə, uşaqpulunun ödənilməsi büdcə gəlirlərinin çoxalmasına stimul verəcək: "Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyə qaytaracaq. Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. Bu vəsaitin ödənməsi dövlət və ailə münasibətlərini möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər”.

Qubad İbadoğlu İlqar Məmmədovun açıqlaması ilə bağlı şərhində qeyd edib ki, partiya sədrinin uşaqpulunun büdcəyə yük olması ilə bağlı dedikləri düzgün hesablama aparmadığının nəticəsidir.

ReAl Partiyası isə yaydığı açıqlamada sosial şəbəkələrdə onların fikirlərinin qəsdən saxtalaşdırıldığını bəyan edib. Partiya hesab edir ki, Qubad İbadoğlunun və digər şərhçilərin açıqlamaları insanları çaşdırmaq cəhdidir.

İlqar Məmmədov
Mənbə: Meydan TV

Bir müddət öncə Milli Məclisin deputatları - Tahir Kərimli və Sabir Rüstəmxanlı da parlamentdə uşaqpulunun verilməsini müzakirəyə çıxarıblar.

Tahir Kərimli kasıb ölkələrdə belə, uşaqpulunun verildiyini, bunun strateji məsələ olduğunu və bərpasının vacibliyini vurğulayıb: "Bizim valyuta ehtiyatımız var. İldə onun 1 milyard manatını bunun üçün ayıraq. Biz populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”

Deputat Sabir Rüstəmxanlı da qeyd edib ki, uşaqpulu verilsə, uşağı olan ailələr minimum xərclərlə təmin olunacaq: "Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

Milli Məclis
Mənbə: Meydan TV

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, hökumət uşaqpulu ilə bağlı məsələni müzakirə edilib və hazırda vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir.

Meydan TV