Çadırda qalan ailə: ''Məhkəmə pul alıb bizi evsiz qoyub''

Çadırda qalan ailə: ''Məhkəmə pul alıb bizi evsiz qoyub''

27-07-2018 19:06 / Bu xəbər 1863 dəfə oxundu

"Bizi çadıra məhkum edən hakimə də belə bir çadır həyatı arzulayıram. Görsün, hiss etsin ki, necə əzablı həyatdır”.

Göygölün Quşçu kəndindən olan Ənvər Mehdiyev iyulun 18-dən elə kənddə - çöllük bir yerdə çadır quraraq ailəsilə ora sığınıb. Mehdiyevlər ailəsini isti və rahat evindən didərgin salansa bir məhkəmə qərarıdır.

Ev alıb, pul ödəyib, rəsmiləşdirməyib və...

Baş verənlərin kökü 13 il əvvələ gedib çıxır. 2005-ci ildə Ənvər Mehdiyev Gəncədə yaşayan, Quşçuda qeydiyyatda olan Asəf Cəmilovdan 800 ABŞ dollarına elə kənddə yerləşən ev alıb. Alqı-satqı rəsmiləşməsə də, evin texniki pasportu onun adına rəsmiləşib. 3 il əvvəl Asəf Cəmilov Göygöl Rayon Məhkəməsində iddia qaldırıb ki, Mehdiyevlər evdən çıxarılsın, əmlak ona qaytarılsın. Ənvər Mehdiyev məhkəməyə adına rəsmi olan əmlaka dair texniki pasportunu və alqı-satqı zamanı iştirak etmiş insanların şahid kimi yazılaraq notariat qaydada təsdiqlənmiş izahatlarını təqdim edib. Məhkəmə Asəf Cəmilovun iddiasını təmin etməyib. Asəf Cəmilov qətnamədən Gəncə Apelyasiya Məhkəməsinə şikayət edib. Bu instansiya birinci məhkəmənin qətnaməsini ləğv edib və Asəf Cəmilovun xeyrinə qərar çıxarıb. Ənvər Mehdiyevin Ali Məhkəməyə kassasiya şikayəti isə təmin olunub, iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılıb. Lakin bu instansiya əvvəlkinə oxşar qərar çıxarıb.

"Kişi sözünə inandım”

Ənvər Mehdiyev deyir, əslində ilkin məhkəmə instansiyası ədalətli qərar çıxarıb, sonrakı məhkəmə isə rüşvətlə hərəkət edib: "Evin texniki pasportu adımadır, kənd adamlarıyıq, bir-birimizə etibar edib, kişi sözünə inanıb alqı-satqını rəsmiləşdirməmişik, səhv məndə olub, pulu əldən-ələ vermişəm. Sonra da hər dəfə bir bəhanə ilə rəsmiləşdirməkdən boyun qaçırıb. Ancaq həmin vaxt yanımızda adamlar olub, həmin adamlar da notarial qaydada təsdiqləyir ki, mən ona ev alqı-satqısına görə 800 dollar vermişəm. Məhkəmə icraçıları bizi evdən çıxarmağa gələndə bütün kənd sakinləri toplaşmışdı, hamı təsdiqləyirdi ki, mən pul verib Asəf Cəmilovdan ev almışam”. 

İyulun 18-də Göygöl Rayon İcra Şöbəsinin icra məmurları Mehdiyevlərin əşyalarını maşınlara yükləyiblər və ailə üzvlərinə məlumat vermədən naməlum istiqamətə aparıblar. Ailə üzvləri kənd sakinlərinin köməkliyi ilə əşyalarının hansı istiqamətə aparıldığını öyrənib:

"Əşyalarımızın yarısı çöldə, yarısı çadırda...”

"Maşınların hansı istiqamətdə getdiyini müəyyənləşdirib özümüzü çatdırdıq, Qarabulaq kəndində qarşılarını kəsdik. Sürücülər dedilər, icra məmurları onlara tapşırıb ki, aparaq bir çöllüyə tökək. Biz də maşınların istiqamətini öz kəndimizə çevirdik və Quşçuya gətirdik. Axşam qalmağa yerimiz olmadığından kənd sakinlərinin köməkliyi ilə çadır qurduq, əşyalarımızın yarısı çöldə, yarısı çadırda...”

Mehdiyevlər ailəsinin bir üzvü cəbhə xəttində əsgəri xidmətdədir.

Rəsmi qurum: "Kömək edə bilmərik”

Asəf Cəmilovsa məhkəmədə bildirib ki, Mehdiyevlər ailəsinə evi müvəqqəti yaşamaq üçün verib. Sonradan onlardan evi boşaltmağı tələb edib. Ancaq Mehdiyevlər evi tərk etməyib.

Meydan TV çadırda yaşayan ailəyə hər hansı köməyi dəyə biləcəyini dəqiqləşdirmək üçün Göygöl Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Mehdiyevlərin yaşadığı mübahisəli ev məhkəmə qətnaməsi əsasında boşaldılıb. Bu məsələnin quruma aidiyyəti yoxdur. Qurumun mənzil fondu olmadığından ailəni yaşayış yeri ilə təmin edə bilməz. İcra hakimiyyəti Mehdiyevlərə yenə də məhkəmələrə baş vurmağı tövsiyə edir.