Afiəddini həbsxanada da şərləyirlər
27-12-2023 23:35 / Bu xəbər 1999 dəfə oxundu
İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova qarşı ittihamlar ağırlaşdırılıb.
Bu barədə vəkil Zibeydə Sadıqova yayıb.
O deyib ki, fəalla bağlı cinayət işi üzrə ibtidai istintaq dekabrın 26-da başa çatıb: "İstintaqın nəticəsi olaraq ona ittihamlar elan olundu. Afiəddin Məmmədova qarşı irəli sürülən ittihamların biri dəyişib, daha bir ittiham da əlavə olunub".
"Əvvəl o, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur”, - Zibeydə Sadıqova belə deyib.
İttihamlar sübut olunarsa, Afiəddin Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.
Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub.
Təşkilatın digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs olunub və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Fəallar ittihamları qəbul etmir və siyasi fəaliyyətləri ilə əlaqələndirir.
Hazırda Elvin Mustafayev və Ayxan İsrafilovun cinayət işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılır.