AİHM "Azadlıq" radiosunu "xarici agent" saydığı üçün Rusiyadan 985 min avro tələb edir
23-10-2024 16:47 / Bu xəbər 506 dəfə oxundu
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azad Avropa Radiosu/Azadlıq Radiosu MMC və Andrey Şarıy Rusiya Federasiyasına qarşı" 19659/21 nömrəli məhkəmə işi üzrə qərarını açıqlayıb.
Məhkəmə çəkişməsi Rusiya hakimiyyətinin "Azadlıq" radiosunu "xarici agent" elan etməsindən qaynaqlanmışdı.
Yekdilliklə radionun lehinə qərar çıxaran AİHM Rusiya hakimiyyətinin Avropa İnsan Hüquqları Konvensiyasının söz və toplaşma azadlıqları ilə bağlı maddələrini pozduğunu bildirib.
Məhkəmə qərarına əsasən, Rusiya "Azadlıq" radiosuna dəyən maddi zərərə görə 955 min 440 avro və qeyri-maddi xərclərə görə 850 avro cərimə ödəməlidir.
Məhkəmə çəkişməsinin tam mətni qurumun saytında dərc edilib.
Qərarda deyilir ki, Rusiyanın "xarici agentlər" haqqında indiki qanunu QHT-lərin iş şəffaflığının artırılmasına xidmət etmir.
Əksinə, damğalayıcı olmaqla yanaşı, yanlışlıqlara yol açır, çox geniş və qeyri-dəqiq yozulur, bütövlükdə cəzalandırmağı hədəf götürüb.
Qərarda "xarici agent"lərin hazırladığı materialın Rusiya hakimiyyətinin tələbi ilə müvafiq işarə ilə damğalanması məsələsinə də ayrıca yer verilib.
AİHM-in qənaətinə görə, bu və ya digər məhdudiyyətlər demokratik cəmiyyətin təməl prinsiplərini laxladır.