AİHM Azərbaycanla bağlı daha 3 qərarını elan edib

AİHM Azərbaycanla bağlı daha 3 qərarını elan edib

14-11-2023 12:11 / Bu xəbər 1041 dəfə oxundu

Hökumət 16 min avro təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha üç işlə bağlı yekun qərarlarını elan edib.

"Kamran Mahmudov Azərbaycana qarşı” – işində jurnalist olan ərizəçi Azərbaycandan Gürcüstana səfər edərkən sərhəddə saxlanılıb. 

Daha sonra yaxınlıqdakı polis idarəsinə aparılıb. 

Ərizəçiyə ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Kamran Mahmudov AİHM qarşısında saxlanılmasının və ölkədən çıxışına qadağa qoyulmasının onun azadlıq və toxunulmazlıq, eləcə də hərəkət azadlığı hüquqlarını pozduğunu iddia edib. 

Məhkəmə qarşısında həmçinin effektiv müdafiə vasitələrinə malik olmaq (Konvensiyanın 13-cü maddəsi) və ifadə azadlığı hüququnun (Konvensiyanın 10-cu maddəsi) pozuntuları da mübahisələndirilib.

AİHM bu işdə hökumətin jurnalistə münasibətdə "yanlışlığın baş verdiyini və dərhal aradan qaldırıldığı”nı iddia edən, ərizənin baxılacaq işlər siyahısından çıxarılması barədə təqdimatını rədd edib. 

Qərar verib ki, Kamran Mahmudova münasibətdə həm azadlıq və toxunulmazlıq, həm də hərəkət azadlığı hüquqlarının pozuntusu baş verib.

"Əbdül Əbilov və Ömər Məmmədov Azərbaycana qarşı” – işində ərizəçilərdən Əbdül Əbilov blogerdir. O, sosial şəbəkələrdə hökuməti tənqid edən müxtəlif yazıları və tənqidi məzmunlu səhifəsi ilə tanınır. 

Əbdül Əbilov 2013-cü ildə Bakı şəhərindəki evinin yaxınlığında mülki geyimli polislər tərəfindən saxlanılıb. Onu sürüyərək "Hyundai Sonata” markalı avtomobilə mindirib və axtarış üçün evinə aparıblar. 

Axtarış ərizəçinin anasının və həyat yoldaşının iştirakı ilə aparılıb.

Ərizəçi iddia edib ki, polis əməkdaşları onun qonaq otağında olan pencəyinin cibinə narkotik maddə qoymaq istəyiblər, ancaq bunu görən anası onlara mane olub. Bununla belə, ərizəçinin gödəkçəsindən narkotik maddə tapılıb. Polis əməkdaşları axtarış zamanı ərizəçinin şəxsi kompüterini də götürüb.

Axtarışdan sonra ərizəçi qaynı ilə birlikdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, orada ərizəçinin üzərinə yenə baxış keçirilib, şalvarının cibindən də narkotik tapılıb. 

Həmin gün ərizəçinin şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunub və barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi başlanıb.

Sonra Nərimanov Rayon Məhkəməsi ərizəçinin məhkəməyə qədər üç ay müddətinə həbs olunması haqda qərar çıxarıb. 

Məhkəmə həbs qətimkan tədbirinin tətbiqini ittihamın ağırlığı və azadlıqda olacağı təqdirdə ərizəçinin istintaqdan yayına və istintaqa mane ola biləcəyi ehtimalı ilə əsaslandırıb. 

Həmin qərardan verilən şikayətlər rədd edilib, ərizəçinin həbs müddəti sonrakı mərhələlərdə yenidən artırılıb. Onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilib.

Ərizəçi AİHM-ə şikayətində azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edib.

NİDA vətəndaş hərəkatının üzvü olan, Kiprdə təhsil alan digər ərizəçi Ömər Məmmədov tənqidi məzmunlu "AZTV-dən seçmələr” və "Heydər Əliyev adına səhifə” adlı iki "Facebook” səhifəsinin administratorlarından olub. 

Atası 2013-cü ildə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada oğlunun fəaliyyəti ilə bağlı sorğu-sual edilib. 

Atası polisdə olarkən, polislər ərizəçiyə zəng edib və ondan "AZTV-dən seçmələr” səhifəsini qapatmağı, NİDA hərəkatını tərk etməyi tələb edib. 

Bildiriblər ki, Bakıya qayıdanda onunla görüşəcəklər. Bu söhbətdən təxminən bir həftə sonra ərizəçi "AZTV-dən seçmələr” səhifəsinin idarəçiliyindən kənarlaşıb, NİDA hərəkatı ilə əlaqəsini dayandırıb.

2013-cü il dekabrın 31-də ərizəçinin atası yenidən polisə aparılıb, ona oğlunun sosial şəbəkədə ölkə başçısını təhqir etməsi haqda məlumat verilib. Ərizəçi 2014-cü il yanvarın 20-də Bakıya qayıdıb. Ertəsi gün atası ilə polisə çağırılıb, sorğu-sual olunub. 

Ərizəçidən sosial mediadakı fəaliyyətini dayandırması tələb olunub.

Üç gün sonra ərizəçini polis saxlayıb, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İdarədə üzərində axtarış aparılan və narkotik maddə aşkar olunan ərizəçiyə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə cinayət işi açılıb. 

Ərizəçi üç ay müddətinə məhkəməyə qədər həbs edilib. Həmin qərardan verilmiş şikayətlər təmin edilməyib.

Ərizəçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciətləri də rədd edilib. 

Ömər Məmmədov da AİHM qarşısında azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu iddia edib.

Bu ərizənin kommunikasiyası zamanı hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edib, ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edərək onların hər birinə 8 min avro (mənəvi zərər (6500) və xərc, məsrəf əvəzi (1500)) təzminat ödəməyi təklif edib. 

AİHM bəyannaməni qəbul edib.

"İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycana qarşı” – işində ərizəçi 2006-cı ildə dövlət qeydiyyatından keçmiş və Bakıda mənzillənən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyidir.

Ərizəçi 2010-cu ildə Nazirlər Kabinetinə informasiya sorğusu göndərib, qurumun tarixi dəqiq göstərilmiş Sərəncamının surətinin təqdim edilməsini xahiş edib. 

Sorğuya cavab ala bilməyib, sonrakı məhkəmə müraciətləri rədd olunub. 

Qurum AİHM qarşısında ona münasibətdə Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulduğunu iddia edib.

Məhkəmə bu ərizəni qəbuledilməz elan edib.