AİHM: Hökumət Tofiq Yaqubluya təzminat ödəməlidir

AİHM: Hökumət Tofiq Yaqubluya təzminat ödəməlidir

15-07-2021 13:05 / Bu xəbər 2872 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 15-də müxalif Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib

Məhkəmə müxalif siyasətçinin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb.

AİHM-in yekdilliklə qəbul etdiyi qərara əsasən, işin hallarına görə, iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş T.Yaqubluya münasibətdə azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşdırması (Maddə 6.1, 6.3) hüquqlarının pozuntusuna yol verilib.

AİHM bu işdə ərizəçinin polis bölməsində pis şəraitdə saxlanılması iddialarını (Maddə 3) qəbul etmədi.

Diqqəti ərizəçilərin həbsdə saxlanılma şərtləri ilə bağlı iddiaları əsaslandırmaq üçün sübutların toplanmasında yaşadığı obyektiv çətinliklərə çəkən məhkəmə qeyd edib ki, belə iddialara dair dəlillər aydın, təkzibedilməz olmalıdır. 

Bildirilir ki, ən azı saxlanılan digər şəxslərin ifadələri, saxlanılma şərtlərinin pis olmasını dəstəkləyən fotoşəkillər dəlil kimi təqdim edilə bilərdi. 

Məhkəmə həmçinin ərizəçinin özünün və yetkinlik yaşına çatmayan oğlunun saxlanılma şəraiti, pis rəftarla bağlı daxili vasitələrdən yararlanmağa cəhd etmədiyini də ifadə edib. 

Qərar qəti olduqdan sonra hökumət T.Yaqubluya mənəvi zərər əvəzi 8000 avro, xərc və məsrəflərə görə isə 1000 avro təzminat ödəməlidir.

İşin detalları

AİHM-ə 2013-14-cü illərdə göndərilmiş bu şikayətlər T.Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlı olub. 

Ərizəçi 2012-ci ilin may ayının mayın 24-də, müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı rayonunda saxlanılmışdı. Onun inzibati qaydada cərimə edilməsinə (20 AZN) qərar verilmişdi.

Ertəsi gün, may ayının 25-də "Sahil” metro stansiyasının yaxınlığında bu dəfə oğlu ilə birlikdə saxlanılan T.Yaqublu bir gün polisdə saxlanılmışdı. 

Polisin qanuni əmrinə tabe olmamağa görə günahkar bilinən ərizəçi yenidən inzibati qaydada cərimə (20 AZN) olunmuşdu. Ərizəçi hər iki işi milli məhkəmələrdə mübahisələndirmiş, amma bütün hallarda onun şikayətləri rədd olunmuşdu.

Ərizəçi AİHM-ə şikayətlərində iddia edirdi ki, barəsindəki araşdırmalar və qərarlar onun işgəncəyə məruz qalmamaq (Maddə 3, saxlanılma şəraitinin uyğunsuzluğu), azadlıq və toxunulmazlıq (Maddə 5, saxlanılmanın qanunsuzluğu) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarına müdaxilə məzmununda olub.