AİHM qərarlarını açıqladı: Azərbaycan yenə təzminat ödəyəcək

AİHM qərarlarını açıqladı: Azərbaycan yenə təzminat ödəyəcək

17-10-2024 17:40 / Bu xəbər 620 dəfə oxundu

Şikayətlər arasında qəbuledilməz sayılanlar da var

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 12 ərizə üzrə 7 qərar və qərardadını elan edib.

Oktyabrın 17-də açıqlanan qərarlarda 3 ərizə qəbul edilməz sayılıb, yerdə qalan bütün işlərdə iddia edilən pozuntular tanınıb.

Jurnalistin şikayəti təmin olundu

"Adilov Azərbaycana qarşı” işində şikayətçi "Azadlıq” qəzetinin jurnalisti olmuş Natiq Adilovdur. 

O, 2012-ci ildə Maliyyə Nazirliyinə informasiya sorğusu göndərərək dövlət büdcəsindən vəsait alan Bakı Dövlət Universitetinin 2011-ci il üzrə maliyyə hesabatının surətinin ona təqdim edilməsini xahiş edib. 

Nazirlik 2013-cü ildə ərizəçiyə cavab verib, sorğunu aldığını təsdiqləyib və sorğunun birbaşa BDU-ya göndərilməsinin məqsədəuyğun olduğunu qeyd edib. 

Ərizəçinin BDU-dan məlumat almaq cəhdləri də heç bir nəticə verməyib – BDU, ərizəçiyə tövsiyə edib ki, Maliyyə Nazirliyinə müraciət etsin. 

Ardınca, ərizəçi Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb, iddia rədd edilib. 

Məhkəmə qərarında qeyd edib ki, nazirlik qanuni hərəkət edib və ərizəçinin sorğusuna cavab göndərməklə "İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş öhdəliklərinə əməl edib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçinin növbəti şikayətlərini rədd edib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edirdi.

AİHM jurnalistin informasiya sorğusuna cavab verilməməsini ifadə azadlığı hüququnun pozuntusu hesab edib. Məhkəmə, 10-cu maddənin pozuntusunun tanınmasının ərizəçi üçün yetərli mənəvi zərər əvəzi təşkil etdiyi qənaətinə gəlib. Qərara görə, ərizəçiyə hüquqi xərc və məsrəflərə görə 1500 avro təzminat ödənilməlidir.

Ərizəçini AİHM qarşısında Media Hüququ İnstitutunun hüquqşunasları təmsil ediblər.

Evi söküldü, şikayəti əsassız sayıldı

"Zöhrab İsmayılov Azərbaycana qarşı” işində qeyd olunur ki, ərizəçi 2004-cü ildə Bakının Bibiheybət ərazisində ev tikib, həmin vaxtdan həmin evdə ailəsi ilə birlikdə yaşayıb. Ev bütün kommunal xidmətlərə qoşulub, ərizəçi elektrik, qaz və su haqlarını vaxtında ödəyib.

Ərizəçinin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi həmin evin ünvanı göstərilib.

Ərizəçinin evinin yerləşdiyi ərazi çoxlu evlər, xəstəxana, uşaq bağçası, məktəb və binalardan ibarət yaşayış məntəqəsi olub.

Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ildə Səbail Rayon Məhkəməsində ərizəçiyə qarşı iddia qaldırıb, evin həmin şirkətə ayrılmış dövlət torpaq sahəsində qanunsuz tikilməsi əsası ilə ərizəçinin hesabına sökülməsini tələb edib. Ərizəçi qarşılıqlı iddia ilə çıxış edərək, kompensasiya tələb edib. 

Səbail Rayon Məhkəməsi şirkətin iddiasını təmin, ərizəçinin iddiasını rədd edib. Yuxarı məhkəmələr yekun olaraq, həmin qərardan verilmiş şikayətləri təmin etməyib.

Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edirdi. 

AİHM ərizəçinin bütün iddialarını əsassız sayaraq, ərizəni qəbuledilməz elan edib.

"Simuzər Babayeva Azərbaycana qarşı”

Bu məhkəmə işi ərizəçinin qardaşının həbsxanada ölümü və hadisənin doğru araşdırlımaması ilə bağlıdır. 

Rəsmi versiyaya görə, ərizəçinin qardaşı 2014-cü ildə həbsxanada vəfat edib, özünə bu haqda  telefonla məlumat verilib, ölümün səbəbi ilə bağlı əlavə təfərrüatlar bildirilməyib. 

Ərizəçi morqa gedib, qardaşının meyitinə baxış keçirib. Ərizəçi bildirir ki, qardaşının bədənində, xüsusən qollarında, ayaqlarının altında, boynunda, onurğasında və üzündə çoxsaylı zorakılıq əlamətlərini müşahidə edib, müxtəlif fotoşəkillər çəkib. 

Hadisə baş verən gün həmçinin, etiraz əlaməti olaraq, olayların yaşandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində iğtişaş baş verdiyi bildirilir. 2015-ci ilin yanvarında Qaradağ Rayon Prokurorluğunda olayla bağlı cinayət işi (vəzifə səlahiyyətlərini aşma) başlanıb. Ancaq uzun araşdırmalardan sonra həmin cinayət işinə xitam verilib.

Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncəyə məruz qalmamaq) və 13-cü maddələrinə əsaslanan ərizəçi, dövlətin həbsxanada qardaşının həyatını qoruya bilməməsindən, qardaşının həbsxana nəzarətçiləri tərəfindən işgəncəyə məruz qalmasından, mühafizəçilər tərəfindən qətlə yetirilməsindən və qardaşının ölümü ilə bağlı hər hansı səmərəli araşdırma aparılmamasından şikayət etmişdi.

Bu işdə AİHM yaşamaq (2-ci maddə) və işgəncəyə məruz qalmamaq (3-cü maddə) hüquqlarının həm prosedur, həm də maddi baxımdan pozulduğuna qərar verib. 

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 35 min, xərc və məsrəflər əvəzi 1500 avro ödəməlidir.

Ərizəçini AİHM qarşısında hüquqşunas Xalid Bağırov təmsil edib.

Məhkəmə tərəflərə razılaşma üçün vaxt verib

"Rauf Rzayev və başqaları Azərbaycana qarşı” məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlı idi. 

Qeyd olunan ərazilərdə evləri, mənzilləri və qeyri-yaşayış obyektləri olan ərizəçilər evlərinin, obyektlərin sökülməsi, köçürülmələri prosesinin zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət ediblər.

AİHM bu işdə ərizəçilərin – R.Rzayev, Fərrux Xudayarov, Solmaz Qaffarova, Başxanım Abbasova, İrina Svyataslovskaya, Niyazi Məhəmmədinin hər birinə münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.

Ərizəçilərdən R.Rzayev 603 min, Fərrux Xudayarov 128 min 650, Solmaz Qaffarova 197 min 580, Başxanım Abbasova 258 min 118, İrina Svyataslovskaya 180 min 700, Niyazi Məhəmmədi isə 89 min 690 manat maddi, mənəvi və xərclər əvəzi tələb edirdi. 

AİHM qərarında ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmadığını ifadə edərək, tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, AİHM ədalətli əvəz ödənilməsi ilə bağlı qərar verəcək.

Ərizəçini AİHM qarşısında vəkil S.Əliyeva təmsil edib.

"Ayna Əlizadə Azərbaycana qarşı”

Bu iş də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlı idi. 

Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdi.

AİHM bu işdə də mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə həmçinin, ədalətli əvəzlə bağlı razılaşma üçün tərəflərə 3 ay vaxt verib. Ərizəçi AİHM qarşısında 147 min 494 manat məbləğində maddi tələb irəli sürmüşdü.

Ərizəçini AİHM qarşısında vəkil S.Əliyeva təmsil edib.

Daha iki ərizə qəbuledilməz sayılıb

"Aslan Əhmədov Azərbaycana qarşı” işi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlı idi. 

Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdi.

AİHM bu ərizəni qəbuledilməz sayıb. Ərizəçi məhkəmənin məktublarına müəyyən edilmiş zaman çərçivəsindən kənar cavab verib.

Ərizəçini AİHM qarşısında hüquqşunas N.İskəndərova təmsil edib.

"Malik Kərimov Azərbaycana qarşı” işində də ərizəçi ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozuntusunu mübahisələndirmişdi. 

İşin hallarına görə, ərizəçiyə məxsus əmlak özgəninkiləşdirilmişdi. Yerli məhkəmələr ərizəçiyə məxsus əmlakın qanuna uyğun olaraq özgəninkiləşdirildiyini, adekvat kompensasiya məbləğinin ödənildiyini müəyyən etsə də, ərizəçi əmlakının özgəninkiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilmədiyini iddia edirdi.

AİHM bu ərizəni qəbul edilməz sayıb. Ərizəçi Məhkəməyə hökumətin təqdimatı ilə bağlı hər hansı cavab göndərməyib.

Ərizəçini AİHM qarşısında hüquqşunas Y.Ağazadə təmsil edib.