"Ailə ilə bağlı düşüncələrimizi korrektə etməliyik" - MÜSAHİBƏ

20-07-2016 23:08 / Bu xəbər 2546 dəfə oxundu

Cavid Cabbarlı: "Boşanma cəmiyyətin onurğa sütunu olan ailə institutunu laxladan ən ciddi amillərdən biridir"

Milli dəyərlərə söykənən ailə institutuna malik Azərbaycanda boşanmaların sayının artması ciddi narahatlıq doğurur. Problemin kökü nədədir? Ailələr hansı səbəblərdən dağılır? Bu və digər suallarımızı "Gənc ailələrə dəstək" İctimai Birliyinin sədri, ilahiyyatçı, yazar Cavid Cabbarlı cavablandırır.

-  Son illərdə ölkəmizdə boşanma hallarının sayı artıb. Faktların təhlili göstərir ki, boşanmalarda müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də rolu var. Hesab olunur ki, ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu böyükdür. Sizcə, belədirmi?

- Boşanma, tərəflərin ailə münasibətlərinin davam etdirə bilməməsi zamanı əlverişli çıxış yoludu. Lakin boşanmanı bütün hallarda pisləyirəm və hesab edirəm ki, boşanma cəmiyyətin onurğa sütunu olan ailə institutunu laxladan ən ciddi amillərdən biridir. Hər dövrdə bu hadisəyə fərqli səbəblər göstərmək olar. Müasir zamanda da təbii ki, sosial şəbəkələrin təsirini görməməzdən gələ bilmərik. Lakin sosial şəbəkələr ailə dəyərlərinin korlandığı zaman mənfi təsirini göstərə bilər. İnsan təfəkküründə xəyanət və ya digərinə (əks cinsə) qarşı meyl formalaşmayıbsa, heç bir sosial şəbəkə boşanmaya səbəb ola bilməz. Sosial şəbəkə iki xəyanətkar arasında münasibət vasitəsi hesab olunmalıdır. Məsələn, bıçaq kimisə zədələməyibsə, adi məişət əşyasıdır. Bir insanın vasitəsilə digərini zədələyirsə soyuq silaha çevrilir. Sosial şəbəkə də çirkli insanların sui-istifadəsində tənqid olunmalıdır. Sosial şəbəkələr boşanma hallarına ciddi təsir edən amildir. Lakin hesab edirəm ki, indiki vəziyyətdə daha çox iqtisadi çətinlik və sosial problemlərin təsiri var. İşsizlik, maddi sıxıntılar, ev problemi və sair gənclərin arasındakı sevgi münasibətlərini və hissləri arxa plana keçirir. Nəhayət ehtiyac ailə münasibətlərini davam etməkdə insanları dözümsüz hala salır.

-  Sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı tədbirlər görülməlidir?

- Sağlam cəmiyyət qurmağın yolu sağlam ailədən keçir. İnsanın bioloji varlığında qan-damar sisteminin çox böyük əhəmiyyəti var. Bu sistem pozulanda insan fiziki olaraq təhlükə ilə qarşılaşır. Yəni qan-damar sistemi pozularsa onun bərpası çox çətin olur və uzun müddət zaman tələb edir. Ailə də cəmiyyətin qan-damar sistemi hesab olunur. Ailə institutları laxlayanda və problemlə qarşılaşanda cəmiyyətdə qan-damar sistemi pozulub, deməkdir. Onun bərpa olunması zaman və çoxlu vəsait tələb edir. Bu mənada dövlət sağlam ailə modeli hesab etdiyimiz, milli dəyərlərimizə əsaslanan ailələrin möhkəmlənməsi istiqamətində proqramlar işləməlidir. Hesab edirəm ki, dövlət vətəndaşına sahib çıxmaqla ailə modelini qorumuş olacaq. Təbii ki, bu fikir, məsuliyyəti dövlətin üstünə atmaq deyil. Qurulan yüz ailənin bir neçəsinin boşanması normal ola bilər. Bizi narahat edən sayın çoxluğudur. Dövlət öhdəsindən gələ biləcəyi sosial çətinlikləri həll etsə, boşanma halları xeyli azalar. Nəticədə sağlam ailə modeli çərçivəsində sağlam cəmiyyət formalaşar və dövlətin əsasları möhkəmlənər.

-  Sağlam ailə modelinin qorunub saxlanmasında təhsilin rolu nə qədərdir?

- Bir fərdin sağlam düşüncəyə sahiblənməsi və kamil insan formasında yetişməsi üçün üç əsas mərhələ keçməsi lazımdır. Ailə, məktəb və mühit. Sağlam ailə həm də sağlam gələcək deməkdir. Normal ailədə böyüyən fərd, normal məktəbdə təhsil aldıqdan sonra sağlam mühitdə yaşamalıdır ki, faydalı və xeyirli vətəndaşa çevrilə bilsin. Düşünürəm ki, biz ailə barəsində düşüncələrimizi korrektə etməliyik. Ailə təkcə ata və anadan ibarət deyil ki, ancaq iki fərdin - ata və ananın hüquq və məsuliyyətini düşünək. Ailə həm də qarşısına 20 il sonranın yeni ata və anasını yetişdirmək hədəfi qoymalıdır. Ailə həm özü məktəb olmalıdır, həm də məktəbin təsirindən qaça bilməz. Məktəbin ailədə rolu və təsiri, bir qanadın bir quşa olan təsirinə bərabərdir. Məktəb təhsil və tərbiyə baxımından insan həyatı üçün çox əhəmiyyətlidir. Ailə cəmiyyətdəbütün sahələri əhatə edən proseslərin nəticəsidir. Yəni cəmiyyətdə məktəb, mənəvi dəyərlər, adət-ənənələr və sair necə olarsa ailə də elə olacaq. Bir ailə nümunəsi cəmiyyətin hansı səviyyədə inkişaf etdiyini göstərə bilər.

- Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?

- Mənfi ya müsbət təsirlər bütün işlərdə, bütün sahələrdə mövcuddur. Buna elmi dildə ifrat və təfrit (həddindən çox və həddindən az) deyilir. Yəni faydalı hesab etdiyimiz bir işin də ziyanlı tərəfləri var. Hər şeyin yerində və zamanında olması daha gözəldir. Sosial şəbəkələrdən istifadə etmək ailədaxili tənzimlənməlidir. Təbii ki, uşaqları sosial şəbəkələrdən asılı etmək onlara ciddi mənfi təsir göstərəcək. Uşaqların idarə olunmaları müəyyən vaxta qədər valideynlərə tapşırılıb. Bu baxımdan valideynlər bütün məsuliyyəti dərk edib, övladlarını normal böyütməlidirlər.

- Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?

"Erkən nikah" mücərrəd termindir. Hər bir insanın yetkinlik dövrü olur. Bu dövr zaman və coğrafi məkana görə dəyişə bilər. İnsan fiziki və daxilən özünü ailə qurmağa hazır bilməlidir. Yaş senzurunu hüquqi tərəf kimi dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycanda oğlanlar 23-25, qızlar 19-21 yaşında ailə qursalar daha yaxşı olar. Mən təkcə fiziki hazırlığı nəzərdə tutmuram. Ailə məsuliyyəti dərk olunmayınca birləşən cütlüklərin ayrılma ehtimalı daha çoxdur. Düşünürəm ki, boşanma hallarına təkcə erkən nikahlar səbəb deyil, səbəblərdən biridir. Lakin hər bir səbəbi aradan qaldırmağa çalışmalıyıq. Gənclərə ailə məsuliyyəti barədə məlumat vermək, onlara sağlam ailə modellərini göstərmək çox uyğun təbliğ olar. Ölkəmizdə o qədər sağlam və sevgi ilə yaşanan ailə modelləri var ki, onlardan heç biri təbliğ olunmur. Əsasən mətbuatda, xüsusən televiziyalarda bir gün ər qulluğu tutmayan xanımlar, bir saat arvad nazı çəkməyən bəylər ailə dəyərlərindən danışırlar. Kimsə onların şəxsi həyatından xəbərsiz ola bilər, axı şüuraltı təsirlər deyilən anlayış var. Belə şəxslərin sözünə kim inanar? 50, 60, hətta 70 il bir yerdə qocalan cütlər var ki, onlar öz həyatlarını danışmaqla gənclərdə ailə institutlarına qarşı maraq yarada bilərlər. Bu zaman həm ailə bağları möhkəmlənər, həm də milli dəyərlərimiz qorunar.

Orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərslərin keçirilməsinə münasibətiniz necədir?

- Düşünürəm ki, həyatda düzgün yol seçmək barədə mütəmadi maarifləndirmə işləri görülməlidir. Eyni zamanda cəmiyyətdə öz yerini tutan və faydalı insan olan şəxslərlə gənclərin təmasını qurmaq lazımdır. Sağlam və faydalı insan deyəndə gənc ağlına o düşüncənin modelini gətirməlidir. Əks halda nağıl yaxud kino kimi mənimsəyəcək. İnsanın tərbiyyələnməsi üçün bütün halda təhsilin əvəzsiz rolunu qeyd etməliyəm. İnsanın inkişafı üçün ağıl, ağılın da parlaması üçün təhsil və savad lazımdır. Əziz İslam Peyğəmbəri (s) təhsili ağıl üçün ziya və işıq hesab edib.

-  Qloballaşma və Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?

- Ailə modelləri fərqli ola bilər. Bütün dünyada bir ailə modelinin olması mümkün deyil. Çünki dəyərlər fərqlidir. Hətta ərazisinə və əhalisinin sayına görə balaca olan Azərbaycanın rayonlarında biz fərqli ailə modelləri görürük. Bu modellər insanların dəyərlərə baxışından formalaşır. Avropaya inteqrasiya dünyagörüşünün inkişafı, təhsilin səviyyəsi, hüquq və azadlıqların qorunması fonunda baş tutmalıdır. Çılpaqlıq, özünü görünüş olaraq avropalıya oxşatmaq inkişaf və inteqrasiya ola bilməz. Niyə qarşımıza ancaq "Avropaya inteqrasiya etməliyik" hədəfini qoyuruq? Bizim Avropaya təqdim edə biləcəyimiz çoxlu adət-ənənələrimiz var. Hesab edirəm ki, inteqrasiya zahiri görünüşlə, yamsılamaqla deyil düşüncə və təfəkkür tərzinin dəyişməsiylə baş verməlidir. Bu mənada qulağımıza sırğa salıb, şalvarın dizlərini cırmaqla, əzib-büzülərək yeriməklə heç zaman avropalı ola bilmərik. Biz şərqliyik, şərqli olaraq da qalacağır. Amma avropanın müsbət tərəflərini, insan hüquq və azadlıqlarının qorunması sahəsində olan irəliləyişləri mütləq mənimsəməliyik. Çünki onlar bu sahədə bizdən xeyli qabaqdır. Onların insan azadlığına qarşı düşüncəsi fərqlidir və xeyli inkişaf edib.///xeber.info