Ailəsi Bayram Məmmədovla görüşdü
03-07-2017 16:48 / Bu xəbər 1145 dəfə oxundu
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan nidaçı fəal Bayram Məmmədov İyulun 2-də ailəsi ilə görüşüb.
Bu barədə məhbusun atası Fərman Məmmədov Azadlıq Radiosuna bildirib.
Fərman Məmmədov oğlunun vəziyyətinin yaxşı olduğunu, səhhətində ciddi problem yaşanmadığını dedi: "Hər halda, bizə "Yaxşıyam” dedi”.
Bayram Məmmədovun saxlanma kamerasının dəyişdirilib-dəyişdirilməməsi barədə suala ata "Deyiblər ki, bugünlərdə həll olunacaq” cavabını verib.
NİDA üzvü Bayram Məmmədov saxlanma şəraitinə qarşı etiraz olaraq iyunun 23-də başladığı aclıq aksiyasını iyunun 28-də dayandırıb.
Bayram Məmmədov tualetin yanındakı kameraya yerləşdirilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. O, rəhbərliyin boşalan yerləri məhbuslara pulla satdığını iddia edirdi.
Rəsmi məlumata görə, Bayram Məmmədovdan3 qrama yaxın, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Gənc fəal Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Amma Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqlarına görə həbs edildiklərini və işgəncələrə məruz qaldılarını bildirirlər.
"Amnesty İnternational” təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu kimi tanıyıb.












