Ağır Cinayətlər Məhkəməsinin hakimi özünü xəstəxanadan ataraq intihar etdi

Ağır Cinayətlər Məhkəməsinin hakimi özünü xəstəxanadan ataraq intihar etdi

29-08-2023 00:12 / Bu xəbər 1122 dəfə oxundu

Rahib Salmanov günün ikinci yarısına təyin olunan məhkəmə işlərini təxirə salaraq gedib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar edib. 

O, avqustun 28-də axşam saat 18.00-19.00 radələrində Bakıdakı xəstəxanalardan birinin yuxarı mərtəbəsindən özünü atıb.

Rahib Salmanovun sədrliyilə avqustun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra məhkəmə iclasları təyin olunmuşdu. 

O, bu gün iş yerində olub. Bəzi məhkəmə iclaslarını da keçirib. Lakin günün ikinci yarısına təyin olunan məhkəmə işlərini təxirə salaraq, məhkəmə binasından çıxıb gedib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Rahib Salmanov ədliyyə nazirinin müavini Azər Cəfərovun qohumudur. 

Onun ürəyinə bir müddət əvvəl stend qoyulduğu bildirilir.

1963-cü il təvəllüdlü Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Hakimin intiharı barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Baş Prokurorluğun mətbuat xidmətindən də Meydan TV-yə bildirilib ki, Rahib Salmanovun ölümüylə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır: "Rahib Salmanovun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsilə bağlı Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Zəruri istintaq hərəkətləri həyata keçirilir”.