Akif Qurbanov: “Bu düşmənçilikdən Əliyev rejimi ola bilsin nəsə qazanır, lakin Azərbaycan itirir”
23-01-2025 19:51 / Bu xəbər 129 dəfə oxundu
"İlham Əliyev hakimiyyət və dövlət anlayışını eyni və şəxsi rakursda gördüyü üçün xarici siyasəti də şəxslərarası münasibətlər səviyyəsində görür”.
III Respublika Platformasının (ResPlatforma) spikeri Akif Qurbanov Kürdəxanı təcridxanasından göndərdiyi budəfəki məktubunda Azərbaycan hakimiyyətinin Qərblə, ABŞ-la münasibətlərinə toxunur.
A.Qurbanov yazır ki, avtoritar rejimlər həmişə özünə ümumi düşmən obrazı yaradır, problemlərin əsas səbəbkarı kimi göstərmək üçün günah keçisi tapır. ResPlatforma spikeri hesab edir ki, Ermənistanla münaqişə bitdiyinə görə indi əsas düşmən Fransa, obraz da Makrondur.
"Amma çəkilən propaqanda verilişlərini edənlər fərqində deyil ki, gedib Fransada Makronu rahat tənqid edir, onun əleyhinə reportajları orda çəkə bilirlər, adamları rahatca əleyhinə danışdırırlar. Çünki ora Respublikadır. Bizim ölkədə fransız gəlib çəkiliş edə bilirmi, bizi danışdıra bilirmi? Prezident seçkilərindən sonra bir-iki alman jurnalistləri bizdən müsahibə aldılar, dərhal həbs edildik”.
Fransanın həmişə ermənipərəst olduğunu qeyd edən A.Qurbanov hesab edir ki, nə vaxta kimi Fransa Əliyev rejiminə qarşı himayəedici siyasət yürüdürdü, o vaxta kimi hər şey qaydasında idi.
O, Avropa Şurasında Fransanın Azərbaycan hakimiyyətinə qarşı yumşaq münasibətdə olduğunu və problemləri ört-basdır etdiyini deyir.
"Azərbaycan hakimiyyətini tənqid edən media, QHT və siyasilərlə də daha məsafəli olub, digər Qərb ölkələrindən fərqli olaraq. İndi hakimiyyətə münasibətləri dəyişib, olublar düşmən. Bu düşmənçilikdən Əliyev rejimi ola bilsin ki, nəsə qazanır, lakin Azərbaycan heç nə qazanmır, əksinə itirir. Bu, həm də AB ilə münasibətlərə aiddir.
ABŞ ilə münasibətlərdə də oxşar yanaşma müşahidə edirik. İlham Əliyev hakimiyyət və dövlət anlayışını eyni və şəxsi rakursda gördüyü üçün xarici siyasəti də şəxslərarası münasibətlər səviyyəsində görür”, - ResPaltforma spikeri yazır.
III Respublika Platforması 2023-cü ilin dekabrında yeddi nəfər tərəfindən yaradılıb.
Amma ötən ilin martında qurumun spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli həbs ediliblər.
Bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onların arasında A.Qurbanov və R.İzzətlidən başqa Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Elmir Abbasov da var. Bu şəxslərdən yalnız Elmir Abbasov polis nəzarətinə verilb, qalanları haqda həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilənlərin hamısı öncə qaçaqmalçılqıda ittiham edilsələr də, sonradan ittiham daha da ağırlaşdırılıb.
Onlar ittihamı rədd edir və siyasi sifariş əsasında həbsdə olduqlarını bildirirlər.
Azərbaycan hakimiyyəti ölkədə siyasi mövqeyinə görə heş kimin təqib və ya təzyiqə məruz qalmadığını bildirir.